| Xəbər 1073 dəfə oxunub
Generallar cəbhə xəttində -

Azərbaycan müharibə hazırlığını səngitmir; Prezidentin hərbi məsələlər üzrə köməkçisi də ön xəttə getdi; separatçı qurumda saxta seçkilər Bakıya yeni və unikal fürsət yarada bilər - səbəb...

Azərbaycan koronaviris təhlükəsi ilə mübarizəsini davam etdirir. Hazırda bu qlobal bəlanın fəsadlarını minimuma endirmək və əhalinin təhlükəsizliyini təmin eləmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri də nəzərə alınmaqla, dövlət və hökumət səviyyəsində bütün gərəkən tədbirlər görülür, maarifləndirmə işləri davam edir.

Lakin bu tədbirlər Azərbaycanın başqa bir təhlükəyə - işğal məsələsinə diqqətini zərrəcə azaltmayıb. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, təlimləri ənənəvi intensivliklə davam edir. O sırada anklav Naxçıvanda “Sülh istəyən müharibəyə hazır olmalıdır” məntiqi əsas götürülərək, Əlahiddə Qoşun Bölmələrimiz öz döyüş təcrübəsini artırmaqdadır. Muxtar bölgədəki müasir döyüş sistemlərimiz işğalçı Ermənistanın əsl “qorxulu röyası”na çevrilib yazsaq, qətiyyən yanılmarıq.

Yeri gəlmişkən, Naxçıvan Qarnizonu Qoşunlarının yüksək səviyyədə keçən növbəti komanda-qərargah təlimləri ötən gün başa çatıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə ümumqoşun birləşmə və hissələrinin qərargahları ilə birgə gücləndirmə vasitə və qüvvələrinin əməliyyat qrupları da cəlb edilib. Təlimlərdə ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələrinin məhdud görmə şəraitində yerdəyişməsi həyata keçirilib, bir istiqamətdən digərinə hərəkət zamanı manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılıb.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvan Naxçıvandan cəmi 40-45 km məsafədə yerləşir və asanca zenit-raket zərbələrinin hədəfinə çevrilə bilər. Düşmənin Naxçıvan təlaşının qayəsində həm də bu reallıq dayanır. Başqa sözlə, Azərbaycanın Qarabağ uğrunda azadlıq savaşı başlayarsa, Ermənistana arxadan ən böyük zərbə qardaş Türkiyənin Qars müqaviləsi ilə qarant durduğu  “kiçik torpaq”dan vurula bilər.      

*****      

Dağlıq Qarabağda isə separatçı rejim martın 31-də “prezident seçkiləri” adı altında növbəti tamaşaya hazırlaşır. Təbii ki, Bakı bu “seçki” oyununa seyrçi qalmayacaq. Bəzi ehtimallara görə, Dağlıq Qarabağda “seçki” şousu Bakının hərəkətə keçməsi üçün unikal fürsət də yarada bilər.

Məsələn, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a deyib ki, Qarabağdakı “seçkilər”lə bağlı biz daha çox hazırlıqlı olmalıyıq, çünki orada sabitlik pozula bilər: “Xocalı cinayətinin müəlliflərindən biri - Balasanyan ”prezidentliyə" iddiaçıdır və rəqiblərini də hədələməkdədir. Ona qarşı olan cinayətkar adamlar da ortadadır. Ola bilsin ki, “seçkilər”də güc nümayişi olsun və bunun bizə birbaşa dəxli var. O halda buradakı olaylara daxil olmalıyıq. Dağlıq Qarabağ bizim ərazidir. Keçirilən “seçkilər”in  nəticələri daha böyük təhlükələrə gətirə, Azərbaycanın yaşayış yerlərinə yeni hücumlara səbəb ola bilər. Separatçılar məqsədlərinə nail olmaq üçün hər cür təxribata əl ata bilərlər. Ola bilsin ki, bizə torpaqlarımızı azad etmək üçün ilkin addımı atmağa imkan yaransın, mən bunu da istisna etmirəm".

*****

Diqqətçəkicidir ki, bu arada Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Azərbaycan prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib.

Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub. Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın rəhbərliyi altında aparılan genişmiqyaslı hərbi islahatlar, həmçinin hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması barədə danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

*****

Ön xətdə hərbi generallar arasında prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyevin də olması, həmçinin cəbhə xətti yaxınlığında Aprel şəhidlərimizə ucaldılmış abidənin ziyarət edilməsi, şübhəsiz ki, Bakının İrəvana daha bir mesajıdır. Azərbaycanın işğalla heç vaxt barışmayacağının, yəni və daha genişmiqyaslı “aprel müharibəsi”nin uzaqda olmadığının anonsudur...