|
Aqil Abbas: “İslahatlar gedir, vəziyyət daha yaxşı olacaq”

“İcra başçılarının hamısı eyni deyil, rüşvət faktı ilə tutulan məmurlar var, bunlar göstərdi ki...”

“Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər”.

“Yeni Müsavat” yada salır ki, bu fikirləri Milli Məclisin ilk iclasında prezident İlham Əliyev səsləndirmişdi.

Dövlət başçısı əhaliyə mühüm mesajlar vermişdi. Onun sözlərinə görə, əvvəllər kimdən şikayət edirdilər, şikayəti ona göndərirdilər: “O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı”.

Prezident hansı məmurları nəzərdə tutduğunu açıqlamasa da, görünür, istər PA-da, istərsə yerli icra orqanlarında vətəndaşların məktublarını cırıb atanlar “şöbəsi” xüsusi işləyirmiş.

Bununla insanların dərd- səri yuxarı instansiyalara çatmırdı, vətəndaşın dövlətə, onun rəhbərliyinə inamı sarsılırdı, icra başçıları həmin məktublarda özləri haqda qanunsuzluq faktlarının yazılmasından qorxaraq ört-basdır edirdilər.

83 saylı Ağcabədi - Füzuli seçki dairəsindən deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, ölkədə islahatlar davam edir, PA-da kadr dəyişiklikləri olub və bütün bunlar vətəndaş müraciətlərinin ünvanına çatmasında, araşdırılmasında müsbət töhfələrini verəcək.

A.Abbasın sözlərinə görə, özü deputat olaraq seçicilərdən gələn məktubları araşdırır: “Mən bəzilərini telefonla həll etmişəm, bəzilərini sorğu yolu ilə göndərmişəm. Düzdür, şikayətlərin heç də hamısı haqlı olmur, hər kəs qanunları yaxşı bilmir. Bəzən deputat var ki, dostlarına tapşırır, icra başçısından, prokuror və ya polis rəisindən xahiş edir ki, vətəndaşın bu müraciətinə diqqətli olsun. Belə hallar da var”.

Deputat qeyd etdi ki, bölgələrdə icra başçılarının hamısı eyni deyil: “Rüşvət faktı ilə tutulan icra başçıları, məmurlar, nazirliklərin əməkdaşları var. Bunlar göstərdi ki, dövlət rəhbərliyi şəffaflıq istiqamətində mühüm addımlar atır. "ASAN Xidmət"in fəaliyyətə başlaması ilə nə qədər rüşvətin qarşısı alınıb. Əgər bütün sahələr üzrə şəffaflığın təmin olunması üçün işlər aparılırsa, tezliklə problemlər yoluna qoyula bilər. Prezident özü də dedi ki, bəzən məktublar çatmır və onları mətbuatdan da oxuyur.

İndi Prezident Administrasiyasında şöbə müdirləri dəyişib, islahatlar aparılıb. Bizim əlimizdə faktlar yoxdur ki, aparatın keçmiş işçiləri nələr ediblər. Amma təbii ki, prezident özü bilir kimlər səhv edib, kimlər məktubları gizlədib".

A.Abbas prezidentin həmin çıxışının əhali üçün ciddi bir stimul olduğunu açıqladı və ictimai nəzarətin daha da güclənəcəyinə inandığını söylədi:

“Mən seçicilərlə görüşlərdə həmişə deyirəm ki, müraciətlər edin, məktublar yazın. Bu gün ölkədə islahatlar gedir və düşünürəm ki, bu istiqamətdə vəziyyət daha yaxşı olacaq”.