| Xəbər 5817 dəfə oxunub
"Neon"un mühafizə rəisinə 11 il cəza kəsildi - adam öldürmək ittihamı

Bakıda törədilən silahlı qətlə görə həbs edilən şəxslərin məhkəməsi davam etdirilib. Təqsirləndirilən şəxslərdən birinin adı daha əvvəl baş verən kriminal hesablaşmalarda keçir. O, mərhum Rövşən Lənkəranskinin rəhbərlik etdiyi kriminal qruplaşmaya yaxınlığı ilə tanınır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Əli Abdullayev 11 il, Ilqar Əliyev və Ülvi Hüseynov isə hərəsi 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə məlum olub ki, mərhumun qardaşı Aynur Hüseynov məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsləri bağışladığını bildirib.

Mərhum Samir Hüseynovun həyat yoldaşı Könül Hüseynovanın məhkəmədə verdiyi ifadəni bir daha xatırladırıq. Bunun səbəbini isə yazının sonunda izah edəcəyik.

Könül Hüseynova deyib ki, Samirlə rəsmi nikahları olmayıb. Onun sözlərinə görə, hadisədən 1 il 6 ay əvvəl Samir Hüseynovla ayrılıblar.

"Hərdən uşaqları görməyə gəlirdi. Son zamanlar isə bizə qarşı soyumuşdu. Ayrılmağımızın da səbəbi son zamanlar Samirin içməsi və daha da əsəbi olması idi. İçəndə özünü idarə edə bilmirdi. Əsəbiləşirdi, qışqırırdı, amma çox yaxşı adam idi. Heç vaxt kiminləsə probleminin olduğunu, dava etdiyini görməmişəm. Fəhləliklə məşğul idi. Elə əziyyətlə dolanan, kasıb adam idi. "Dərnəgül" bazarında fəhlə işlədiyini bilirdim. Hərdən də uşaqlar üçün bazarlıq edirdi".

Könül Hüseynovanın dediklərindən məlum olub ki, onlar Samiri öldürməkdə ittiham edilən Əli Abdullayevlə eyni məhəllədə, eyni binanın qonşu bloklarında yaşayırmışlar.

Əli Abdullayev ailəsi ilə kirayədə, Samirin ailəsi isə özlərinə məxsus mənzildə olurmuşlar.

Suallara cavab verən Könül Hüseynova deyib ki, yoldaşının hər hansı bir kriminal aləmlə əlaqəsinin olduğunu bilməyib, bu haqda heç vaxt eşitməyib.

Könül Hüseynova hakimin suallarına cavabında deyib ki, Samir son zamanlar yaşadıqları binanın həyətində onları dizləyib: "Samir mənə deyirdi ki, ayrılsaq da gözüm həmişə sizin üstünüzdə olacaq. Bizim binanın qarşısında otururdu. Mən onu görürdüm, amma onun məni görüb-görmədiyini bilmirəm. Amma hiss edirdim ki, məni görəndən sonra gedirdi".

Bildirək ki, ötən prosesdə təqsirləndirilən şəxslər baş verən hadisəyə görə Aynur Hüseynova baş sağlığı verərək üzrxahlıq ediblər.

Xatırladaq ki, Əli Abdullayev özünü qismən təqsirli bilib. Deyib ki, mərhumu öldürmək niyyəti olmayıb və bu işdə Ülvi və İlqarın günahı yoxdur.

Əli Abdullayev ifadəsində deyib ki, həbs edilənə qədər "Neon" şadlıq sarayının mühafizə xidmətinin rəisi işləyib. Daha əvvəl isə polis əməkdaşı olub.

Sərbəst ifadə verən Əli deyib ki, mərhum son bir neçə gün ərzində onu izləyirmiş. Onun sözlərinə görə, Samir Hüseynovun onu izləməsindən ehtiyat edib və ailəsi üçün təhlükə yaratmasından qoxub.

"Mən işlədiyim restorana yaxın yerdə kirayədə yaşayırdım. Hər gün, hər saat işə gedib-gəlirdim. Oranın bütün mühafizəsi mənim nəzarətimdə idi. Son günlər mərhum məni izləyirdi. Artıq dördüncü dəfə məni izlədiyini, ailəmə yaxınlaşdığını gördüm.

Sonradan adının Samir olduğunu bildiyim şəxsi ilk dəfə yaşadığımız binanın həyətində gördüm. Yoldaşımla həyətdə oturanda biz tərəfə yaxınlaşıb 6-7 metr məsafədə oturdu. İlk dəfə təsadüf olduğunu düşündüm. Bir neçə gün sonra onu yenə də binanın yaxınlığında gördüm. Üçüncü dəfə də biz binanın qarşısında maşına minəndə bu qaçaraq məhəlləyə gəldi. Sanki bizim çıxacağımız vaxtı dəqiq bilməmişdi, gecikmişdi. Sonuncu dəfə də hadisə günü onu gördüm. Axşam yoldaşımla binanın həyətində oturmuşduq. Sakitçilik idi və ayaq səslərini eşidirdim. Kiminsə bizə yaxınlaşdığını bildim. Ayağa qalxıb gördüm ki, yenə biz tərəfə yaxınlaşır. Gəlib bir neçə metrlikdə oturdu. Həmin vaxt Ülvi də orada idi. Ülvi yoldaşımgili evə gətirmişdi. Mən Ülviyə dedim ki, getməsin. Məni də işə aparmasını istədim. Biz oradan çıxanda Ülviyə dedim ki, onun hansı istiqamətə getdiyinə baxsın. Evdən qayıdanda gördüm ki, Ülvi yoxdur. Zəng edib İlqara dedim ki, mənə maşın göndərsin. Restorandan yanıma maşın bir neçə dəqiqəyə gəldi. Ülviyə zəng edib harada olduğunu soruşdum. Dedi ki, üzü "Neftçilər" metrostansiyası tərəfə gedir. Dedim ki, geri qayıtsın. Mən Samir tərəfə getdim. Ona yaxınlaşıb məni izləməsinin səbəbini soruşacaqdım. Bu zaman üstümə gəldi. Onun neçə gündür məni izləməsindən, üstümə gəlməsindən ehtiyat edib silahı çıxardım. Onu vurmaq istəmirdim. Bir neçə dəfə havaya atəş açdım. Üstümə gələndə tutaşdıq. Mən onu vurmaq istəsəydim, başından vurardım. Həyəcanlı olduğum üçün oradan uzaqlaşdım"- deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.

Hakim Əli Abdullayevdən soruşub ki, niyə Samirdən onu izləməsinin səbəbini soruşmayıb, atəş açıb.

Əli Abdullayev deyib ki, buna imkan tapa bilməyib: "Üzərimə doğru gəldi. Nəsə çıxaracağından ehtiyat etdim. O, neçə gün idi məni izləyirdi".

Xatırladaq ki, Əli Abdullayevin adı daha əvvəl səs-küylü kriminal hadisədə keçmişdi. Belə ki, Rövşən Lənkəranski İstanbulda qətlə gətirildikdən sonra bəzi qruplar bu hadisədə "Lotu Quli"nin adını hallandırırdı.

Kriminal aləmdəki vəziyyətin qarışıq və qaynar olduğu bir vaxtda Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və bir neçə nəfər Türkiyədə alış-veriş mərkəzlərinin birində saxlanılmışdı.

Onlar arasında Namiq Canıyevdən başqa Əli Abdullayev, "Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı və Camal Həsənov adlı azərbaycanlılar da var idi. Əməliyyat zamanı saxlanılanlar arasında Türkiyə vətəndaşları da var idi.

İddia edilirdi ki, saxlanılan şəxslər "Lotu Quli"yə sui-qəsd məqsədi ilə bir araya gəliblər. Lakin məhkəmə onlar barəsində bəraət hökmü çıxarmış və Azərbaycana göndərilmişdilər.

Əli Abdullayev Lənkəranski klanına yaxın olub. İddia edilir ki, Əli Abdullayevin qətl törətməsinin səbəbi də kriminal hesablaşmadır. Belə ki, Əli Abdullayev adının "Lotu Quliyə qarşı sui-qəsd" söhbətində başlanmasından sonra özünə qarşı təhlükə hiss etməyə başlayıb.

Amma baş verən bu hadisənin tamamilə təsadüf və yanlış anlaşılma üzündən törədildiyi də iddia edilir. Belə ki, mərhum Samir öz ailəsinin yaşadığı binanın qarşısında dayanarkən Əli Abdullayev izlənildiyini düşünüb. Samirin öz ailəsini izləməsi, evinin qarşısında dayanması onun xanımı tərəfindən də təsdiqlənmişdi. Bu qeyd edilənlər isə hadisənin tamamilə təsadüf nəticəsində baş verdiyini düşünməyə əsas verir. Elə bunun nəticəsi olaraq da Aynur Hüseynov qardaşını qətlə yetirməkdə təqsirləndirilən Əlini bağışlayıb...