| Xəbər 13000 dəfə oxunub
MƏN DƏ BU LEYLİNİN MƏCNUNU OLDUM...

Mart ayının 1 də Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Məhəmməd Füzulinin ''LEYLİ VƏ MƏCNUN'' poemasının motivləri əsasında hazırlanmiş eyniadlı tamaşa növbəti dəfə nümayiş olunub.Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı əməkdar artist Nicat Kazımov, rəssamı Elşən Sərxanogludur. Səhnə əsərini N.Kazımov özünəməxsus bir interpritasiyada tamaşaçılara təqdim etmişdir.Tamaşada uğurlu aktyor ansamblı təşkil olunub.Rejissor digər tamaşalarında olduğu kimi burada da maraqlı səhnə priyomları, mizanlar tapmış, hadisələrin bədii həllini çox incə detallarla verə bilmişdir. O tamaşaçıya tamaşaçı olduğunu unutduraraq səhnədə cərəyan edən proseslərə daxil olub, oradakı hadisələrin iştirakçısına çevirməyi bacarmışdır. Tamaşanın dinamikası, aktyorların monotonluqdan uzaq, rəngarəng ifaları məhz rejissorun bacarığından xəbər verir. Tamaşada rolları Bəhram Əliheydər (Məcnun), Səbinə Məmmədova (Leyli), K.Hadızadə (Məcnunun atası) , S.Mehrəliyeva (Məcnunun anası) E. Çarhanlı (Leylinin atası) , Naibə Allahverdiyeva (Leylinin anası) , R.Cəfər (İbn Salam) , Rövşən Abbasov (Füzuli) və digər aktyorlar canlandırırlar. B.Əliheydər bir aktyor kimi oynadığı tamaşalarda öz məharəti ilə seçilir.Bu tamaşada da o,bacarıq və istedadı ilə rolun öhtəsindən gələ bilmişdir.Bəhram bu rolu parlaq bədii ifadə vasitələrilə tamaşaçıya çatdırır.Hadisələrin inkişafını incə,aktyor ustaliğı ilə,obrazın xarakterinə xas olan temperamentlə ifadə edir.Bəhramın təbii oyun tərzi tamaşaçıda Məcnunun hansısa poemanın qəhrəmanı yox,nə vaxtsa dünyada mövcud olmuş bir prototip təsiri bağışlayır.Hadisələrin inkişafı fonunda aktyorun çox yüksək temporitmlə bu hadisələrə reaksiyası və tədriclə yüksələn xətlə çəkib aparması böyük məharət tələb edir.Bəhram bunu bacara bilmişdir.Mən bu rolu aktyorun pasportu adlandırardım. S.Məmmədovanın ifası isə sanki bu gün də aktual problem olan məcburi evliliyə öz etirazını bildirirdi.O,hayqıraraq eşq adlı İlahi duyğunun iki nəfər arasında paylaşılan incə bir hiss olduğunu,başqalarının bu işə müdaxiləsının bədbəxt sonluqla nəticələndiyini car çəkirdi.S.Məmmədovanın Leylisi əsərin süjet xəttinə uyğun olaraq kamına çatmasa da,biz onu döyüşdə vuruşaraq ölən,lakin məğlub yox,qalib gələn,öz prinsipiallığı ilə bu döyüşdən üzüağ çıxan bir qəhrəman kimi görürük.S.Məmmədovanın orqanik aktrisa olduğunu bilirdim,amma,o,bunu bir daha sübut etdi.Tamaşaçını arxasınca elə aparırdı ki,onun əzablarına tamaşaçılar da öz göz yaşları ilə şərik olurdu. Lakin tamaşada rejissor yozumundan irəli gələn bir məsələ diqqətimi çəkdi.Bu da Məcnunun yeri gəldikcə Leyliyə əl qaldırması,ona sillə ilə zərbələr endirməsi oldu.Hətta bir neçə yerdə Məcnunun Leylinin üzərinə atılaraq onunla qısa müddətli də olsa eşq yaşaması göstərilir. Onların sevgisi ülvi və pak hisslər üzərində qurulan platonik bir sevgi olmuşdur Əgər onların arasında hər hansısa bir eşq macərası olsaydı bu,Məcnunun öz kamına çatması anlamına gəlməzdimi əcəba? Belə olduğu təqdirdə Məcnun onun sevgisindən divanə olub səhraya düşməzdi.Elə ''Leyli və Məcnun''un bir dastan kimi dövrümüzə qədər gəlib çıxması onların eşqinin təmiz,pak hisslər üzərində qurulması,nakam olmasıdır.Məhz bu ülvülük onları pak məhəbbət simvoluna çevirmişdir.Tamaşanın finalında da Füzulinin dilindən səslənən: Budur əsəri müqəddəsi pak, Xoş mərtəbətdir bu qılsan idrak. misraları da təsadüfi deyilməmişdir. Birdə Məcnunun Leyli ilə belə rəftarı Leylini pak və məsum Leyli xarakterindən çıxararaq yüngül əxlaqlı bir qadın xarakterinə aparır. Hər halda bu rejissorun yanaşmasıdır və biz də buna hörmət edirik. Çox təsirli bir səhnə Məcnunun səhnəyə ilk gəlişidir.Burada Qeys səhnəyə ərəblərin təbirincə desək fəcr edərək,müəyyən bir çərçivəni yırtıb-dağıdıb, doğularaq gəlməsidir.O,əvvəlcə daxilində olduğu ''dünya''sına sığmayaraq,orada çarpışaraq həmin darısqal ''dünya''sından azad olaraq bu dunyaya doğulur və bu dünyadakı eşq mübarizəsi başlayır.Bundan belə nəticə çıxır ki,Qeys bu dünyaya konkret bir missiya üçün gəlib:öz eşqi uğrunda cihad etmək və bu yolda şəhid olmaq. Tamaşanın finalı da çox uğurlu tapıntı ilə tamamlanmışdır.Belə ki,səhnədə qurulan postament sanki rəmzi mənada məhəbbət zirvəsidir.( maraqlıdır ki,Qeys doğulanda da həmin zirvədə dogularaq dünyaya gəlir).Tamaşa boyu Qeys dəfələrlə o "zirvə"yə çox cidd-cəhdlə qalxmağa səy göstərsə də o, bunu bacarmır.Amma hər iki aşiq ölümündən sonra bərabər, çox asan bir şəkildə həmin ''zirvə"ni fəth edib orada eşq-məhəbbət abidəsinə dönüb insanların yaddaşına əbədi həkk olurlar. Beləliklə teatrın repertuar yükünün bəlli bir hissəsini çiyinlərində daşıyan N.Kazımova belə bir səhnə əsəri ərsəyə gətirdiyinə görə təşəkkür etmək də bizə düşür.Yaşayın,yaradın sənətkar!!! Bu çətin yolda sizə uğurlar arzulayıram.

Xaqani ƏLİ

cia.az