| Xəbər 4658 dəfə oxunub
Bakıda Böyük Britaniya vətəndaşının telefonunu oğurlayan şəxs tutuldu

Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “İphone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə talanması ilə bağlı polisə müracət daxil olub.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılıb. O, Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin (CM) oğurluq maddəsi ilə məhkum olunub.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.