|
Gənc müəlliməyə hökm oxundu

Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1985-ci il təvəllüdlü Leyla Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Leyla Əliyeva 5 il azadlıqdan məhrum edilib.

Bu iş üzrə zərərçəkmiş Kəmalə Əliyevadır. O, Dövlət Dillər Universitetində Leyla ilə eyni vaxtda oxuyub və illər sonra təsadüfən qarşılaşıblar.

Kəmalə Əliyeva deyib ki, Leyla onun işləmədiyimi bilib: "Sonrakı danışıqlarımızda dedi ki, həyat yoldaşı Şahin Azərbaycan Diplomatiya Akademiyasında işləyir. Məni ora işə düzəldə bilər. Sənədlərimi hazırlayıb, gətirib ona verdim. 4 min manat da pul istəmişdi"- deyə zərərçəkmiş bildirib.

Onun sözlərinə görə, Leylanın atası pulun 2 min manatını qaytarıb.

Digər zərərçəkən Heyran Amanova Leylanın iş yoldaşı olduğunu deyib və bildirib ki, Dövlət Dillər Universitetində birlikdə işləyiblər:

"Mən analıq məzuniyyətində olanda Leylanın universitetdən çıxdığını sonradan eşitdim. Danışanda mənə dedi ki, artıq ADA-da işləyir, məni də ora düzəldə bilər. Dedim, bacım işsizdir. Onu düzəltmək üçün 8 min pul istədi. Biz də verdik. Məni qohumların yanında çox pis vəziyyətdə qoydu. İnanmırdım ki, belə iş görər, müdafiə edirdim ki, yox, iş düzələcək, gözləyin. Leylanın bu hərəkətindən sonra insanlara inamım öldü”.

Bu iş üzrə ən çox zərərçəkmiş isə Gövhər və anası Sevda İldırımzadədir.

Onlar L.Əliyevaya 43 min dollar pul verdiklərini iddia edirlər. Gövhər İldırımzadə Leyla ilə tələbə yoldaşı olub.

İldırımzadələr məhkəməyə gəlmir. Hər ikisi teleqram göndərib ki, istintaqdakı ifadələrini təsdiqləyirlər. İstintaqdakı ifadələrindən isə belə məlum olur ki, onlar bankdan kredit götürüblər. 43 min dollar da krediti bağlamaq üçün imiş. Leyla pulu onlardan alıb, krediti də, faizlərini də özü ödəyəcəyini deyib. Amma kredit ödənilməyib.

O, İldırımzadələrdən alınan puldan 3 min dollarını banka kreditdən ödəyib. 

L.Əliyevanın həyat yoldaşı yüksək vəzifəli şəxslərdən birinin qohumudur.

Anket məlumatları dəqiqləşdirilin zaman məlum olub ki, Leyla Əliyeva evli olub, onun ayrı-ayrı şəxslərə borclu olması ilə bağlı söhbətlər başlayan ərəfədə boşanıb: "Ailən dağıldı. Hamilə idim, övladım tələf oldu".

L.Əliyev Azərbaycan Dillər Universitetində, Odlar Yurdu Universitetində ingilis dili müəlliməsi işlədiyini deyib. O, sonunda iş yerinin Odlar Yurdu Universiteti olduğunu bildirib.

L.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.