| Xəbər 6353 dəfə oxunub
Prokurorluq Şəki sakininin ölümü ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

Şəki Rayon Prokurorluğundan bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, yanvarın 25-də saat 2 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Y.Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən olunub.