|
Azərbaycanlıya xəsarət yetirən şəxs Almaniyadan deportasiya edilib

Almaniyanın Deggendorf şəhərindəki qaçqın düşərgəsində Azərbaycan vətəndaşına xəsarət yetirən nigeriyalı Ambor M. bu ölkədən deportasiya edilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, 2019-cu ildən barəsində ölkədən çıxarılması ilə bağlı məhkəmənin qərarı olan 28 yaşlı Nigeriya vətəndaşı Bavariya əyalətinin Deggendorf şəhərində deportasiya ediləcək olan qaçqınların müvəqqəti saxlanıldığı düşərgədə qalırmış.

Bu ilin fevralında qaldığı yerdə Azərbaycan vətəndaşı ilə seneqallı 35 yaşlı Muhammed A. arasında baş vermiş mübahisə zamanı kənardan atdığı butulka ilə həmvətənimizə xəsarət yetirib.

Ötən gün Deggendorf İdarə Məhkəməsində 28 yaşlı Nigeriya vətəndaşının dərhal ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılıb. Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsindən Münhen hava limanına gətirilən şəxs ölkəsinə deportasiya edilib.

Azərbaycan vətəndaşı ilə mübahisə edən 35 yaşlı Seneqal vətəndaşı Muhammed A. ilə bağlı isə məhkəmə prosesi hələ yekunlaşmayıb.

Buna səbəb hadisə şahidlərinin məhkəmə prosesinə cəlb olunmasının təmin edilməməsidir.

Xatırladaq ki, bu ilin fevralın 13-də, Deggendorf şəhərindəki qaçqın düşərgəsinin yeməkxanasında Azərbaycan vətəndaşı ilə seneqallı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə seneqallının bir neçə gün öncə azərbaycanlı xanıma sataşması olub. Yemək növbəsində duran zaman T.M. (kimlik məlumatları açıqlanmır) adlı Azərbaycan vətəndaşı 35 yaşlı seneqallıdan etdiyi hərəkətə görə xanımdan üzr istəməsini tələb edib. Bir qədər sonra iki şəxs arasında yaranan mübahisə davaya çevrilib.

Əlbəyaxa dava zamanı kənardan bir nəfər əlindəki şüşə butulkanı azərbaycanlıya atıb. T.M. başından aldığı xəsarət nəticəsində yerə yıxılıb. Davaya kampın təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə etsələr də, butulka ataraq azərbaycanlının yaralanmasına səbəb olan şəxs hadisə yerindən qaçıb.

Azərbaycan vətəndaşı təcili yardım avtomobili ilə yaxınlıqdakı hospitala çatdırılıb və onun baş nahiyəsinə 4 tikiş vurulub. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər.

Deggendorf şəhər polis təşkilatı əməkdaşlarının əməliyyatı nəticəsində azərbaycanlıya xəsarət yetirən 28 yaşlı Nigeriya vətəndaşı ərazidəki marketə daxil olan zaman saxlanılıb.

Hadisə ilə bağlı Deggendorf şəhər Prokurorluğunun istintaqı yekunlaşıb və ötən gün baxılması üçün İdarə Məhkəməsinə təqdim edilib.