|
Ölkədə iki gündə 6 nəfər güllələndi

Ov tüfənglərinə nəzarət necə olmalıdır? Hüquqşünas: “Bəzən qadağalara əməl olunmur, nəticədə belə hadisələr baş verir...”

Fevralın 27-də Yardımlının Eçara kəndində ata və oğul güllələnib. Oxu.az saytının yaydığı məlumata görə, hadisə zamanı Şəmsəddin Kərimov və oğlu Niyaməddin Kərimov ağır xəsarət alıb. Nəticədə ata hadisə yerində dünyasını dəyişib, oğlu isə xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub. Həkimlər Niyaməddin Kərimovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Yayılan məlumatda o da qeyd edilib ki, hadisəni əmioğlu törədib. Deyilənə görə, qohumlar arasında torpaq üstə münaqişə yaranıbmış. Şəmsəddin Kərimovun narkobaron olduğu, həbsxanadan yenicə çıxdığı və kriminal aləmdə “Baron Şəmi” kimi tanındığı bildirilir.

Srağagün isə Masallı sakini həm özünü həm də 3 keçmiş ailə üzvünü ov tüfəngi ilə güllələmişdi. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Ağayev öz ov tüfəngi ilə keçmiş həyat yoldaşı 1999-cu il təvəllüdlü Alimə Nəbiyevanı və keçmiş qaynı Əli Nəbiyev, qaynanası Zemfira Nəbiyevanı güllələyib və daha sonra özünə də boğazından güllələyib. Hadisə nəticəsində Alimə Nəbiyeva və qardaşı Əli dünyasını dəyişib, Zemfira Nəbiyeva ağır xəsarət alıb. Həkimlər özünü güllələyən Sarvan Ağayevin də vəziyyətinin ağır olduğunu bildirirlər.

Yardımlının Eçara kəndində ata və oğul ile ilgili görsel sonucu

Qeyd edək ki, bundan əvvəl də ailə münaqişəsi zamanı və yaxud nəzarətsizlikdən ov tüfəngi ilə hadisə törədildiyinin şahidi olmuşuq. Maraqlıdır, odlu ov silahlarına nəzarət necə olmalıdır? Kimlər ov tüfəngini ala bilər?

Diqqət etsək görərik ki, qanlı olayın birində hadisəni məhkumluq həyatı yaşamış şəxs törədib. Halbuki Azərbaycan qanunlarına görə məhkumluq həyatı yaşamış şəxslər qanunla ov tüfəngi ala bilməz. Buradan bir fakt ortaya çıxır ki, ov tüfənginin alınmasına icazə verildikdən sonra sonrakı mərhələdə həmin silaha nəzarət olmalıdırmı?

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a danışdı: “Hansısa şəxs ov tüfəngi əldə etmək istəyərsə ilk növbədə Ekologiya Nazirliyinin nəzdində ayrıca qurum var ki, oradan ”Ovçuluq" bileti almalıdır. Şəxs DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməli, aidiyyəti qurumdan psixoloji durumunun normal olduğu haqda rəy almalıdır. Əgər şəxsin psixoloji durumu normaldırsa, anlaqlı vəziyyətdədirsə, qeydiyyata alınır və icazə verilir. Həmçinin qeydiyyatdan keçən şəxsin bundan əvvəl məhbus həyatı yaşayıb-yaşamaması, narkoloji xəstəliklərinin olub-olmaması yoxlanılır. Beləliklə, rəsmi icazə aldıqdan sonra şəxs mağazadan silah ala bilər. İcazə sənədi olmayan şəxsə silah satmaq qadağandır. Lakin bəzən bu məsələyə əməl olunmur, nəticədə bu cür hadisələr baş verir. Bəzən isə silah hadisə törədən şəxsə aid olmur. Kimsə öz silahından istifadə etməyə icazə verir ki, bu da qanunsuzluqdur və cinayət məsuliyyəti yaradır. Beləliklə, silah sahibi bütün hallarda məsuliyyət daşıyır".