|
Norveçli məşqçi: "Emil Balayevi yaxından görmək üçün buraya gətirdik"

Azərbaycan millisinin qapıçısı Emil Balayev Norveçin "Bude-Qlimt" klubunda baxışdadır.

"Report" "Avisa Nordland" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad məlumat verib.

44 yaşlı mütəxəssis Balayevin son illər Qazaxıstan və Azərbaycanda yaxşı təcrübə qazandığını bildirib: "Emil Balayev Avropa çempionatının seçmə mərhələsi də daxil olmaqla, Azərbaycan millisinin beynəlxalq oyunlarında iştirak edib. Biz bir müddətdir ki, onu izləyirik və məşqdə yaxından görmək üçün buraya gətirdik".

Norveçli məşqçi 26 yaşlı qolkiperlə bağlı bunları da söyləyib: "Emil haqqında həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin bu gün komandadaxili matçda gördüklərimizi nəzərdə keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik".

Qeyd edək ki, Emil Balayev qış fasiləsində Qazaxıstanın "Tobol" klubundan ayrılıb.