|
Türkiyənin Naxçıvan qapısını bağlamasının əsas səbəbi - səfirlik

Dünyada həyəcan doğuran koronavirus təhlükəsi səbəbindən Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə keçiddə məhdudlaşma qərarı verməsi birmənalı qarşılanmayıb.

Bəzi müşahidəçilər və eyni zamanda sadə insanlar blokada şəraitində yaşayan muxtar respublikanın qardaş ölkəyə çıxışının məhdudlaşdırılmasının mənfi təsirlərindən danışırlar. Eyni zamanda bu mövzudan sui-istifadə etməyə çalışanlar da mövcuddur. Qeyd edək ki, İranda koronavirusun yayılması ilə əlaqədar Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən yeganə quru sərhəd qapısı - Dilucu sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanıb. Artıq bu məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi açıqlama yayıb. Rəsmi məlumatda deyilir ki, İranda yayılmış koronavirus səbəbindən Türkiyə ilə sərhəddə bəzi tədbirlər görülür və bu tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçiddə bəzi addımlar atılıb: “Bu addımların Naxçıvana zərər verməməsi üçün tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə təmaslar davam edir”.

Fahrettin Koca ile ilgili görsel sonucu

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı olub.  BAKU.WS xəbər verir ki, bu barədə Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb. Türkiyənin səhiyyə naziri qeyd edib ki, danışıqlar koronavirusla əlaqədar olub: “Dostumuz, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə telefon əlaqəsi yaratdıq. Qonşu ölkələrdə yaşanan koronavirusa qarşı mübarizə aparmaq üçün Türkiyə və Azərbaycan olaraq görəcəyimiz tədbirlər haqqında müzakirələr etdik”. 

Aldığımız məlumata görə, Türkiyə ilə Naxçıvan MR arasındakı sərhəd qapısında giriş-çıxış tam nəzarət altındadır, bu da təhlükəsizliklə bağlıdır. Amma qapı tam qapadılmayıb. Məhdudlaşmanın əsas səbəbi isə Naxçıvana sərbəst keçən İran vətəndaşlarının Naxçıvandan Türkiyəyə keçə bilməsinin qarşısını almaqdır.

Publika.az xəbər verir ki, Azərbaycan pasportuna sahib iranlılar bu qadağanı pozaraq Azərbaycan vasitəsilə Türkiyəyə keçməyə çalışıb. Bunu görən türklər hərəkətə keçib. Səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həmkarı Oqtay Şirəliyevə zəngində də bu məsələyə də toxunub və həssaslıqla yanaşılmasını təmənna edib. Virusla mübarizədə iki ölkənin ortaq hərəkət etməsi ilə bağlı razılığa gəlinib.

Fahrettin Koca nahçivan ile ilgili görsel sonucu

İran-Azərbaycan sərhədində heç bir məhdudiyyət tətbiq edilməyib. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, daha əvvəl bir sıra yerli KİV-də İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhədi bağladığına dair məlumatlar yayılıb.

Xatırladaq ki, İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi bildirib ki, İranda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: “Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir”.

Çində isə koronavirusa yoluxmuşların sayı artıq 77 min nəfəri ötüb. Xəstəlikdən ölkədə 2592 nəfər ölüb. Lakin 24 mindən çox insanın sağaldığı bildirilir. ÜST-in məlumatına görə, Çindən kənarda yoluxma hallarının sayı 1769-a çatıb, 17 nəfər dünyasını dəyişib. Koronavirusdan ölüm halları artıq İran və İtaliyada qeydə alınıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin mərkəzi hissəsində (Hubey əyaləti) yerləşən Uhan şəhərində naməlum pnevmoniyanın yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər. ÜST bu koronavirusun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib və xəstəliyə rəsmi olaraq “COVID-19" adını verib.

Yeri gəlmişkən, fevralın 25-də BMT-nin Bakıdakı ofisində diplomatik nümayəndəliklər üçün koronavirusla (COVID-19) bağlı brifinq keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən “Report”a verilən məlumata görə, 60-dan çox diplomatın qatıldığı brifinqdə BMT-nin rezident əlaqələndiricisi Ghulam İsakzai, Azərbaycan Xarici İşlər Nazirliyi ıətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ÜST-nin Cənubi Qafqazda fövqəladə hallara hazırlıq üzrə əlaqələndiricisi Vasili Esenamanov çıxış ediblər.

V.Esenamanov dünyada, o cümlədən Azərbaycanda virusun yayılmasına qarşı ÜST-nin dəstəyi ilə aparılan qabaqlayıcı tədbirlər, Leyla Abdullayeva isə müvafiq rəsmi qurumların koronavirusla əlaqədar həyata keçirdiyi tədbirlər haqda danışıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövcud risklərlə bağlı müvafiq tövsiyələr verilib.