| Xəbər 3283 dəfə oxunub
Azərbaycandan Çernobıl cəhənnəminə gedənlərin sayı artır

Çernobıla turist kimi gedənlərin sayı hər il artır. Turistlərin arasında dünyanın müxtəlif yerlərindən gələnlərlə yanaşı, azərbaycanlılar da az deyil. Bu barədə məlumat verən turizm şirkətləri bildiriblər ki, xüsusilə də 2019-cu ildən etibarən bu əraziyə maraq göstərənlərin sayında artım tempi yaşanır. 2020-ci ildə Çernobıla turist kimi səfər edənlərin sayının 250 min nəfəri keçəcəyi proqnozlaşdırılır.

Əraziyə marağın artma səbəbləri arasında  Amerikanın çəkdiyi “Çernobıl” adlı filmin də rolu qeyd edilir. Belə ki,  məlumatlarda bildirilir ki, miniserial ekranlara çıxandan sonra Çernobıla turist marağı kəskin artıb. Zonanın Belarus hissəsinə də gedənlər çoxdur. Bu haqda Polesski dövlət radiasiya ekoloji qoruğundan bildiriblər. Bildirilir ki, Çernobıla əsasən postsovet ölkələrindən gəlirlər. Turist qruplarının ekskursiya qiyməti 160-350 dollar arası dəyişir.

Məlumat verək ki,  26 aprel 1986-cı ildə Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışda 31 nəfər ölüb. Partlayış 50 min insanın evlərini tərk etməsinə və ərazini tamamilə boşaltmasına səbəb oldu. Fəlakətdən sonra bəşər tarixində ikinci ən bahalı nüvə təmizliyi oldu və bunun dəyəri 39 milyard funt sterlinqə başa gəldi. Qəzadan sonra Belarusla sərhədə çox yaxın yerləşən Ukraynanın Pripyat və Çernobıl şəhərlərindən başqa, 74 kənd də boşaldılmışdı.

Baş verən qəza iki kilometr məsafədə yerləşən Pripyat şəhərində həyatı iflic etdi. 50 minə yaxın əhalisi olan şəhər tam evakuasiya edildi, 34 ildir Pripyat “Ölü şəhərə” çevrilib. 1970-ci ilin fevralında salınan Pripyat şəhəri qəza baş verən zaman 16 illik inkişaf dövrünü yaşayırdı; burada dörd mikrorayon salınmışdı, daha birinin təməli qoyulurdu, lakin hadisə  dünyada yeni bəşəri faciənin təməlini qoydu, şəhər isə tarixin yaddaşına qovuşdu.

Hazırda ərazidə radiasiya tamamilə aradan qalxmasa da, turist axını getdikcə artır. 2019-cu ildə açıqlanan rəsmi məlumata görə, ilin 8 ayı ərzində nəzarətsiz ərazilərə 75 min turist gəlib. Təkcə avqust ayında 15 min turist Çernobıl hadisəsinin yaratdığı xarabalıqları müşahidə edə bilib. Bu da ilin əvvəlindən 5 dəfə çox deməkdir.

Bəs Çernobıla necə gedirlər?

Həmin zonalara turistlərin aparılması üçün 21 marşrut təsdiqlənib. 2018-ci ildə Çernobıl zonasını 63 min, 2019-cu ildə isə 75 mindən çox turist ziyarət edib. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Çernobıl zonası Ukrayna iqtisadiyyatının artımı üçün səmərəli istifadə edilməlidir.

Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil etməyə başlayıb. Səyahət turunun qiyməti 320 dollardan başlayır.

Bu qiymətə hoteldə yerləşmə, ətraflı ziyarət ediləcək yerlərin gündəmi, səyahət sığortası, sənədli filmlərin izlənilməsi, marşrutun xəritəsi, Çernobıl qəzalı zonasını ziyarət etdiyiniz üçün xüsusi sertifikat daxildir.

Orxan Əzim ile ilgili görsel sonucu

 

2016-cı ilin fevralında Çernobıla səfər edən azərbaycanlı fotoqraf Orxan Əzim “Yeni Müsavat”a  bildirib ki, Pripyata Kiyevdən fərdi şəkildə gedib. Qiymətləri açıqlayan fotoqraf söyləyib ki,  orada tur şəklində 1 gün (nahar daxil) 125 dollar, fərdi isə 450 dollardır: “Çernobılda iki gün qaldım. Orada hostel, restoran var. Bu da işçilər və turistlər üçün nəzərdə tutulub. Yəni şərait yaradılıb.. Bəzi qəsəbələrdə qocalar var. Ancaq ən çox zərər çəkən Pripyat şəhəri tam ölüdür. 1986-da orada zaman necə dayanıbsa, elə də durub. Məktəbi, xəstəxanası, binaları toxunulmaz saxlanıb.  Orada gəzərkən hər hansı əşyanı götürmək olmaz. Əgər əlindən hansısa əşyan düşürsə onu da götürmək məsləhət deyil. Çünki hər şey radiasiyalıdır”.

Orxan Əzim ile ilgili görsel sonucu

Bakıdan Çernobıla səyahət təşkil edən turizm şirkətlərindən biri  elanında qeyd edib ki, səyahət turunun qiyməti minimum 320 dollardır: “Çernobıl ərazisi o qədər böyükdür ki, gəzmək üçün 1 gün azlıq edir. Sizə 2 günlük səyahəti 320 dollardan başlayan qiymətlərlə təklif edirik”.

Onu da bildirək ki, son zamanlar Çernobıldan çəkilən sənədli filmlərin, blogerlərin videolarının sayı xeyli artıb. Həmin videolardan belə anlaşılır ki, Çernobıla gedən turistlərin özbaşına gəzmələrinə icazə verilmir.

Turlar müxtəlif nəzarət altında reallaşır. Bundan başqa, turistlərin bölgədəki tikinti qalıqlarına, bitkilərə toxunmağına, bölgədən hər hansı əşyanı çıxarmağına icazə verilmir. Lakin videolardan görünür ki, əraziyə səfər edənlər öz adlarını divarlara, ağaclara həkk etməyə xüsusi maraq göstərirlər. Bu səbəbdən Çernobılda bəzi qalıqların üzərində yeni yazılan adlar, işarələr görmək mümkündür. Əraziyə daxil olan zaman radiasiya ölçən cihazdan istifadə edilir. Cihazın radiasiyanı yüksək göstərdiyi yerlərdə dayanmaq risklidir. Məlumatlarda bildirilir ki, bu kimi yerlərdə  çox qalmaq 34 il keçməsinə baxmayaraq xərçəng xəstəliyi, saç tökülməsi, eyni zamanda müxtəlif allergik xəstəliklərə səbəb ola bilir.