|
Azərbaycana ət idxalı azala bilər - səbəb

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi ölkədən iribuynuzlu mal-qara və qoyun ixracını dayandırıb. Bu barədə xəbər verən virtualaz.org saytında qeyd edilib  ki, nazirlik bunu ötən il ölkədən iribuynuzlu mal-qara və xırdabuynuzluların ixracının ötən il kəskin artması, nəticədə Qazaxıstanda ət və ət məhsullarının bahalaşması ilə əsaslandırıb.

Nazirlik bildirir ki, ötən il ölkədən 156 min iribuynuzlu heyvan çıxarılıb. Onların əksəriyyəti -121.6 min (78 faiz) heyvan qonşu Özbəkistana ixrac edilib. 14 faiz heyvan ixracı isə Ermənistana yönəlib.

Habelə, Qazaxıstandan ötən il 264 min baş qoyun ixrac edilib ki, onlardan da yarıdan çoxu ana qoyunlardır. Qazaxıstan qoyunlarının əsas alıcısı Özbəkistan olub. Qonşu ölkəyə 200 mindən çox qoyun göndərilib. Rusiya Qazaxıstandan 21.5 min, Azərbaycan 18 min, İran isə 12 minə yaxın qoyun alıb.

Nazirlik bildirir ki, diri heyvanın ölkədən kütləvi ixracı Qazaxıstanın özündə ət və ət məhsullarının bahalaşmasına, ət emalı müəssisələrinin işinin azalmasına gətirib çıxarıb.

Bəs bu, Azərbaycanın ət bazarına necə təsir edəcək? Azərbaycan özünü nə üçün ət məhsulu ilə təmin edə bilmir?

Məlumat üçün bildirək ki, Azərbaycan son illərdə xaricdən ət idxalını artırıb. 2019-cu il ərzində Azərbaycana xarici ölkələrdən 79 milyon 448 min dollar dəyərində 51 min 546 ton ət idxal edilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci il ərzində ölkəmizə 70 milyon 75 min dollar dəyərində 47 min 399 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 9 milyon 373 dollar və ya 13,4%, miqdar ifadəsində isə 4 min 147 ton və ya 8,7% artıb. Dəyər ifadəsinin miqdar ifadəsindən daha çox artması idxal ətin bahalaşdığına işarədir. 1 ton ətin orta idxal qiyməti 1478 dollardan 1541 dollara qalxıb.

Bu gün Azərbaycanda Özünüməşğulluq Dövlət Proqramı çərçivəsində yerlərdə şəxslərə iri və xırdabuynuzlu mal-qara paylanılır. Proqram ciddi şəkildə fəaliyyətini davam etdirir. Lakin buna baxmayaraq, bazarlarda ətin qiyməti hələ də yüksək olaraq qalıb. Ətin qiymətinin ucuzlaşması üçün qanunvericilikdə də müxtəlif dəyişikliklər edilib ki, bu ilin yanvar ayından həmin dəyişikliklər də qüvvəyə minib. Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılıb.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Eyni zamanda Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən bu ilin ilk ayından Azərbaycanın heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Qazaxıstanın ət ixracını dayandırması Azərbaycandakı qiymətlərə təsir edə bilər: “Son 3 ildə iri və xırda buynuzlu mal-qaranın ölkəyə idxalı artır. Bu artım kifayət qədər sürətlidir və səbəbləri də müxtəlifdir. Söhbət həm də yerli idarəetmənin problemlərindən qaynaqlanan səbəblərdən gedir. Belə ki, 4 il öncədən texniki bitkilərin əkilməsinə üstünlük verildi. Nəticədə bu, yem bazasına təsir etdi. Yem az olduğu üçün bahalaşdı və xaricdən idxalın artmasına səbəb oldu. Eyni zamanda əhalinin və turistlərin artması da ətin çatışmazlığına təsir edir. Kənd təsərrüfatının maldarlıq sahəsi bütün bunlara hazır olmadığı üçün ölkədə həm ətin qiymətləri artdı, həm də idxal çoxaldı. İdxal etdiyimiz əsas ölkələrdən biri də Gürcüstandır. Orada da mal-qaranın ixracına müəyyən məhdudiyyətlər qoyulub. Gürcüstanda yeni doğulan mal-qaranın xaricə aparılması qadağan edilib. Qazaxıstanın da bəhs etdiyimiz addımı Azərbaycan bazarına mənfi təsir edə bilər. Düzdür, ƏDV-dən azad edilməsi müəyyən qədər qiymətlərin sabitləşməsinə təsir göstərə bilər. Ancaq Azərbaycanın özünün daxili istehsalı artmasa və paralel olaraq da istehlak bu templə çoxalsa, qiymətlər mütləq qalxacaq. Xaricdən gətirilən məhsulların həcminin azalması Azərbaycanda bahalaşmaya aparan haldır. Ona görə də yeni dövlət proqramlarının qəbul olunmasına ehtiyac var.  İdxal edilən ətin böyük bir qismi dövlət ehtiyacları üçün gətirilir. Bəzi hallarda isə xüsusi və bahalı restoranlar xaricdən ət sifariş edir. Ona görə də ətin qiymətinin ƏDV-dən azad edilməsi onların qiymətinə təsir edəcək. Ancaq bizim aldığımız ət yerlidir. Bu ətlərin də əksəriyyəti kiçik qəssabxanalarda satılır. Onlar isə ƏDV ödəyicisi deyillər. ƏDV ödəyicisi olan marketlərdə satılan ətin qiyməti ucuzlaşa bilər. Məntiqlə  marketlərdə satılan ətlər təqribən 1-1.5 manat ucuzlaşmalıdır”.

Ekspert özünüməşğulluq proqramı çərçivəsində paylanan mal-qaradan da danışıb: “Həmin mal-qara planlı şəkildə paylanılmır. Bunun da ciddi təsirini görmürük. Hər halda, ciddi təsiri olsaydı, idxalda azalma baş verərdi. Bu, onu göstərir ki, proqram ciddi şəkildə test olunmur və ona görə də effekt vermir. Çox təəssüf ki, bu da ayrılan vəsaitin doğru-düzgün xərclənməməsinə dəlalət edir”.