|
Əkbər Qoşalının yazısı Qazaxıstanın ən nüfuzlu qəzetində yayınlandı

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalının Qazax yazılı ədəbiyyatının ustadı ABAY haqqında yazdığı məqalə qardaş ölkənin rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan”da çap edilib.

“Bərimizdin Abayı” (“Hamımızın Abayı”) adlanan məqalədə Ə.Qoşalı ABAYın həyat və yaradıcılıq yolunun yalnız qazaxlar üçün deyil, ümumən türk xalqları üçün dəyər kəsb etməsindən, ABAYın qələmindən çıxan əsərlərin çağdaş gənc nəsillərin tərbiyəsindəki rolundan yığcam şəkildə sözç açıb.

(Arzu edənlər yazını “Egemen Qazaxıstan”ın elektron versiyasından da oxuya bilərlər: https://egemen.kz/article/217935-barimizdinh-abayymyz )

Hər sayı 200 000 tirajla çıxan 101 yaşlı “Egemen Qazaxıstan”, qardaş ölkənin, ümumən Orta Asiyanın ən tirajlı qəzetidir. Qəzetin redaksiya heyətinin başqanı Xalq­lararası Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralidir.

Qeyd edək ki, XX yüzilin əvvəllərində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu qəzetə maddi yardım göstərməsi qədirbilən qazax yazar və oxucularının yaddaşından silin­mə­yib.