| Xəbər 3343 dəfə oxunub
Saleh Məmmədov: "1376 kilometr yolu başa çatdıraraq istifadəyə vermişik"

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirir.

Mətbuat konfransında S. Məmmədov çıxışına ötən il ərzində yerinə yetirdikləri layihələr və bu il görüləcək işlər barəsindəki nitqlə başlayıb.

O, bildirib ki, Agentlik ölkə prezidentinin tapşırığına əsasən 1376 kilometrə qədər yolların tam tikintisini başa çatdıraraq, vətəndaşların istifadəsinə verib:"1376 kilometr yolun çəkilməsi ölkə başçısının həm dövləti, həm də hər bir vətəndaşı üçün ən böyük töhfəsidir. Çünki yol hər bir dövlətin iqtisadiyyat göstəricisidir. Dövlətdə nəqliyyat vasitələrinin təhlükəsiz fəaliyyəti üçün avtomobil yollarının böyük əhəmiyyəti var. Yaxşı və keyfiyyətli yol həmin yoldan istifadə edən nəqliyyat vasitəsinin sürətinin yüksəlməsi deməkdir. Bu, həm beynəlxalq həm də daxili yükdsşımalarda da inkişafı deməkdir. Hər on kilometrdə sürətin artması bu yoldan daşınan yüklərin on tonlarla artması deməkdir".

S. Məmmədov bildirib ki, görülən işlər nəticəsində Azərbaycanda yolların sürəti də artıb: "Əvvəl ölkənin avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə, Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər. Nəticədə ölkənin turizmi də inkişaf edir. Çünki insanlar artıq xaricə yox, yol rahat olduğu üçün elə öz istirahət zonalarımıza üz tuturlar. Əvvəllər bu, belə deyildi. Ona görə də deyirəm ki, yolun yaxşı olması ölkə iqtisadiyyatının inkişafı deməkdir. Onu da deyim ki, bugünə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu il də işlərimizə davam edəcəyik".

Mətbuat konfransı davam edir.