|
Yeni Bakı planı tikinti sahəsində nələri dəyişəcək?

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin etdiyi Anar Quliyevi qəbul edərkən Bakı şəhərində həyata keçirilən tikinti siyasətinin parametrlərini açıqlayıb. Onun çıxışında iki mühüm məsələyə diqqət yetirilib: tikintilərin paytaxtın ekoloji vəziyyətinə, həmçinin şəhərsalma qaydalarına uyğunluğu.

Ölkə başçısı çıxışında Bakı buxtası və “Sovetski” ərazisində görülən işlərdən danışıb: “Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə, vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir. İndi Bakı bulvarı 15 kilometr uzunluğunda gözəl bir milli parkdır. Vaxtilə uzunluğu cəmi 3 kilometr idi. Orada yerləşən sıradan çıxmış və yarıdağılmış tikililər söküldü, insanlar üçün şərait yaradıldı. Ona görə Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində, ilk növbədə, bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır”.

İ.Əliyev şəhərsalma qaydalarının pozulması hallarına yol verilməyəcəyini qəti şəkildə bəyan edib: “Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq”.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq Bakı şəhərində tikintilərin aparılması ölkə rəhbərliyi tərəfindən tam nəzarətə götürülüb. Prezidentin qərarı ilə paytaxtdakı bütün tikinti prosesinə nəzarət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Ötən ilin dekabrında Nazirlər Kabinetinin qərarı ilə komitənin nəzarətindən kənarda olan əsas layihə - Pilot layihələrlə bağlı qərarvermə səlahiyyəti kiçik istisna ilə rayon icra hakimiyyətlərindən komitəyə dövr etdirilib.

Komitənin tikintidə norma və qaydalara uyğunluq prinsiplərinə riayət olunması üzərində yaratdığı sərt nəzarət Bakı şəhərində xeyli sayda tikintinin yarımçıq saxlanmasına səbəb olub. Bir müddət öncə tikinti şirkətlərinin nümayəndələri qəzetimizə mövcud normalarla tikinti aparmağın rentabelli olmadığını bildiriblər. Tikinti və daşınmaz əmlak sahəsində ekspertlər isə bildirirlər ki, mövcud normalarla tikintini yalnız maliyyə dayanıqlığı olan şirkətlər apara biləcəklər.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun “Yeni Müsavat”a bildirdiyinə görə, uzun illər paytaxt ərazisində tikintilərin şəhərsalma və ekoloji normalarının pozulması ilə müşayiət olunduğu hamıya məlumdur: “Son illərdə ölkə prezidenti bu məsələyə çox ciddi yanaşır, müvafiq qurumlar, o cümlədən Şəhərsalma və Arxitektura Komitəsi qarşısında vəzifələr qoyub. Ötən iki ildə bu komitənin fəaliyyəti göz qabağındadır, artıq şəhərin Baş Planı da işlənir. Tikinti şirkətləri qarşısında tələblərə əməl olunması ən sərt şəkildə qoyulub”.

Rövşən Ağayev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, hazırkı “Qış parkı”nın ərazisində və “Sovetski”də məskunlaşmanın tam ləğv edilməsi, minlərlə ailənin oralardan keçirilməsi şəhərin mərkəzini xeyli rahatlaşdırdı: “Amma burada bir vacib ”əmma"nı mütləq qeyd etmək lazımdır. Şəhərin mərkəzi boşaldıqca şəhər ətrafında məskunlaşma kəskin artdı - amma heç bir şəhərsalma normaları gözlənilmədən. Bakı-Sumqayıt arasında “Sovetski”nin “kopiya”ları yaradıldı - Biləcəri, Xırdalan və Masazırda küçələrinin eni 2-3 metr olan kütləvi məskunlaşma əraziləri salındı, mövcud şəhərsalma normaları gözlənilmədən, hər kvadratkilometrə düşən əhali sayı normadan az qala 5-6 dəfə çox olmaqla kütləvi mənzil tikintisi aparıldı (bu gün də eyni sürətlə davam edir), yol və kommunal infrastrukturun gücünün əhalinin artımına uyğunlaşdırılması baş vermədi. Məsələn, bu müddətdə nəyin hesabına olursa-olsun, Biləcəri, Masazır və Xırdalanda metro nəqliyyatının istifadəsi təmin edilməli idi. Bunlar edilmədi və nəticədə şəhərin mərkəzi rahat nəfəs almağa başladıqca şəhərin ətrafı boğulmağa başladı. Hər gün Bakı-Sumqayıt yolundan istifadə edən, həmin istiqamətdə məskunlaşan vətəndaşlarımız nə demək istədiyimi yaxşı bilir.

Yeni Bakı planı ile ilgili görsel sonucu

Bakının mərkəzini Bakıətrafı qəsəbələr hesabına kiçiltmək, rahatlatmaq çıxış yolu deyil. Ölkənin əyalətləri böyüməlidir ki, Bakı kiçilsin - həm demoqrafik, həm də iqtisadi baxımdan"...

İqtisadçı Elbrus Cəfərli də hesab edir ki, Bakının mərkəzdənkənar ərazilərinə diqqət artırılmalıdır: “Şəhərsalmanın dizaynı elə pozulub ki, düzəltmək adama qorxulu gəlir. Ən böyük problemlərdən biri mütəxəssislərin olmamasıdır. Qeyri-mütəxəssislər, kadrlar heç nə edə bilməyəcək. Əgər ”Papanin", “Xutor”, Böyük Şor və sair ərazilərdəki sakinlərin məskunlaşması da Bakı-Sumqayıt istiqamətindəki sağ və sol yaşayış massivlərinə fokuslanacaqsa, daha ağır fəsadlar yaranacaq. Hazırda həmin ərazilərin nəqliyyat sıxlığı çox yüklənib, hətta elektrik qatarı da sərnişin sıxlığının asanlaşmasına kömək edə bilmir. Əgər bu ərazilərdə şəhərsalma qaydaları, ansambl gözlənilməsə, Bakı-Sumqayıt yolunun genişləndirilməsinin  heç bir faydası olmayacaq".

Yeni şəraitdə tikintilərin azalması daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcək? Tikinti üzrə ekspert Ramin Osmanlı bildirir ki, qaydaların sərtləşməsi tikintidə xərclərin artmasına gətirib çıxarır: “Bu, tikintidə maya dəyərini artırır. Xüsusilə maya dəyərində tikintinin yerləşdiyi torpaq sahəsinin payı çoxalır. Yəni tutalım ki, əvvəllər sahibkar 20 sot üzərində 15-20 min kvadratlıq birbloklu bina inşa edə bilirdisə, yeni qaydalarla artıq bu, mümkün deyil. Prezident Eldar Əzizovla görüşündə də bu məsələyə toxundu ki, sovet dövründəki kofisentlərə qayıtmaq lazımdır. Bu o deməkdir ki, bir hektar torpaq sahəsində tikilən yaşayış ərazisi maksimum 20 min kv metr olmalıdır. Bu, sahibkarlara əlavə xərc yaradır, torpaq sahələrinin maya dəyərində payını çoxaldır. Son nəticədə xərclər artır deyə, qiymət artımı qaçılmazdır. Artıq bəzi sahələrdə artım başlayıb”.

Yeni Bakı planı ile ilgili görsel sonucu

Ekspert qeyd edir ki, Azərbaycanda adambaşına düşən yaşayış sahəsi 18 kvmetrdən bir qədər artıqdır: “MDB ölkələrindən Rusiya, Qazaxıstan, Ukraynada bu, 25-27 kv metr ətrafındadır. Bu məntiqlə yanaşdıqda, Azərbaycanın mövcud yaşayış fondu 180 milyon kv metr təşkil edir. Qeyd olunan ölkələrin səviyyəsinə çatmaq üçün bizdə 80-90 milyon kv metr yaşayış sahəsi tikilməlidir. Hazırda isə ölkədə bir il ərzində 1,8-2,2 milyon kv metr yaşayış sahəsi tikilir. Yəni bu gedişlə, bizim yaşayış fondunun sahəsinə görə bu 3 ölkəyə çatmağımız üçün 40-45 il lazımdır.  Buna görə də hesab edirəm ki, hökumət yəqin ki, yaşayış fondunun genişləndirilməsi üçün başqa proqramların icrasını sürətləndirəcək. Dövlətin bu sahəyə ayırdığı vəsaitlər artır, eyni zamanda tikinti sahəsinə xarici investisiyaların cəlb olunması üçün işlər həyata keçirilir. Lakin burada təkanverici amil alıcılıq qabiliyyətidir. Əhalinin alıcılıq qabiliyyəti yüksəlməlidir ki, bu qabiliyyət tikinti bazarında tələbə çevrilib prosesi sürətləndirsin”.