| Xəbər 40004 dəfə oxunub
Qırış yaradan vərdişlər
Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətraf mühitin də böyük təsiri var. Dəridə qırışların yaranmasına səbəb olan bir çox vərdişləri aradan qaldırmaq isə öz əlimizdədir.

Axşam.az Türkiyə mətbuatına istinadən yaşlanmağa səbəb olan amilləri təqdim edir.

 

Makiyajı təmizləmədən yatmaq:

Makiyaj üzdə uzun müddət qalmamalıdır. Yatmamışdan qabaq mütləq üz yuyulmalıdır. Makiyajla yatdığınız zaman üzünüzdəki məsamələr tutulur. Beləliklə, dərinizdə səpkilər yaranır və zaman keçdikcə yaşlanmağa səbəb olur.

Həddindən artıq şəkər qəbulu:

Dərinin daha parlaq və sağlam olmağı üçün qanda şəkərin miqdarının daim nəzarət altında olması mütləqdir. Şəkərin qəbulu metabolizmanın zəifləməsinə səbəb olur. Bu da dəridə ölü hüceyrələrin yaranmasına zəmin yaradır. Şəkərli içkilər də dərinin qurumasına səbəb olan amillərdən biridir. Bu səbəblə dərinin ehtiyaclarını su ilə qarşılamaq daha məqsədə uyğundur.

Siqaretdən istifadə:

Siqaret çəkən insanlar ilə həyatı boyunca siqaret istifadə etməyən birinin qırışları arasında iki qat fərq olduğu təsdiqlənib. Mütaəmadi olaraq siqaretdən istifadə etmək dərinin elastikasının itməsinə səbəb olur. Bunun nəticəsində qırışların artması daha da tezləşir.

Təkrarlanan üz hərəkətləri:

Gün ərzində daimi olaraq eyni mimiklərdən istifadə etmək, tez- tez gülümsəmək, qaşları çatmaq və s erkən qırışların yaranmasına səbəb olur. Bu mimikalardan gənc yaşda istifadə etdikdə dərimiz əvvəlki halına qayıdır, yaş artdıqca isə elastiklik itir və qalıcı qırışlar yaradır.

Yatmaq qaydası:

Üzü üstə yatmaq üzünüzün və sinənizin qırışmasına səbəb olur. Arxası üstə yatmaq dərinizin daha cavan qalmasına kömək olacaq.