|
Xalq artisti, xanəndə Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsi xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti, xidmətləri olan ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Prezidentinin Əlibaba Məmmədovun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunub.

Konsertdən əvvəl musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti olan Əlibaba Məmmədovun uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrətdiyini söyləyib.

Konsertdə şagirdlər Azərbaycan bəstəkarlarının əsərləri və ustad xanəndənin repertuarındakı muğam və bəstələri ifa ediblər.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Bülbül adına Orta İxtisas Musiqi məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər keçirir. Birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.