| Xəbər 5692 dəfə oxunub
İlin rejissoru beynəlxalq festivallarda 95-ci mükafatını aldı - Foto

“Son bir il ərzində beynəlxalq festivallardan 95 mükafat aldım. Bu yolda Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıdıram”.

Bu barədə Musavat.com-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov məlumat verib.
Bu film Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəridir.

C.Qasımovun sözlərinə görə, yeni filmlər istehsal etməkdə məqsədi Azərbaycanın multikultural dəyərlərini dünyaya tanıtmaqdır: “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Dövlət dəstəyi olsa, daha çox mükafat əldə edərik. Çəkdiyim filmlər dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud prodüsserləri ilə əlaqə məkanı olan iPitch.tv-nin 17 film platformalarında yerləşdirilib. Dünya mediasında barələrində geniş məlumatlar yazıldı. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik”.

O, çəkdiyi filmlərin qazandığı uğurlardan da bəhs edib: “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, bədii filmin Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox, deyərdim ki, saysız-hesabsız mükafat qazanıb, ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 35 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub.

“Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Hər bir milləti dünyada idmanı və filmləri ilə geniş tanıyırlar. Filmlər də ölkənin mədəniyyətini, tarixini tanıtmaq üçün ən gözəl vasitədir.

“Edam günü” bədii filmi 20 beynəlxalq festivalda uğur qazanıb. 2019-cu il istehsalı olan “Stalinin qaranlıq keçmişi” sənədli filmi 14 mükafata layiq görülüb. Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən “100 il şərəfli ömür” filmi 4 mükafata layiq görülüb. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmim isə son iki ayda 22 beynəlxalq festivalda uğur qazanıb. Sənədli film dünyada böyük marağa səbəb olub.

Amma festivalda iştirak edən rejissorların filmlərinə üstünlük verilir. Mükafat aldığım 95 festivalın heç birində iştirak etməmişəm. Çünki bu işləri gördüyümdə mən heç kimdən dəstək almamışam”.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası çərçivəsində çəkilib.

Ekran əsəri Avropa mədəniyyətindən, Alman-Azərbaycan dostluğundan bəhs edir. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii film” adını qazanıb. İtaliyanın “Social Machinery Film Festival”, Hindistanın “LAKECITY INTERNATIONAL FILM FESTIVAL”-da qalib mükafatına layiq görülüb. ABŞ-ın “Green Mountain Christian Film Festival”və “Accolade Global Film Competition”-da, Yaponiyanın “Genre Celebration Festival”-da da həmçinin qalib olub. Bundan əlavə, film Belçika, Hollandiya, Meksika, Almaniya, Kanada, Fransa kimi ölkələrdə beynəlxaq festivallarda mükafat qazanb.

Həmçinin bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib, Niderlandın "31mag" jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın "European Cinematography Awards" festivalında "Ən yaxşı dram" kateqoriyası üzrə uğur qazanıb. Eyni zamanda, dünya mediasında film barəsində ətraflı məlumat verilib.

Triller janrında çəkilmiş filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.

Müəllifin həyatı

Cəlaləddin Qəzənfər oğlu Qasımov 1967-ci ildə Tovuz şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi bitirib və həmin il Moskva İdarəetmə İnstitutuna qəbul olub. 1985-87-ci ildə Almaniyada hərbi xidmət keçib. SSRİ-nin ən məxfi radiostansiyasında rabitə rəisi vəzifəsində işləyən ilk qafqazlı olub.

Təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Sonra Ukrayna Beynəlxalq Hüquq Akademiyasını və Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. 1997-ci ildən polis orqanlarında çalışıb. Müxtəlif vaxtlarda Xətai rayon Polis İdarəsinin bölmələrində rəis müavini vəzifələrində işləyib, polis rəisi vəzifəsini icra edib. BPİ-də çalışıb. AVMVİB Polis Veteranı şöbəsində rəis müavini vəzifəsində işləyir. Dünya Narkotiklərlə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Respublikası üzrə rəhbəri təyin edilib.

Bədii yaradıcılıqla da məşğul olan C.Qasımov tarixi romanlar müəllifi kimi tanınır. O, AYB-nin üzvü, Mahmud Kaşqari adına Beynəlxalq Fondun vitse-prezidentidir. Bir neçə roman, povest və çoxsaylı məqalələrin müəllifidir. Yazıları qəzet və jurnallarda, internet portallarında müntəzəm olaraq dərc edilir.