| Xəbər 6562 dəfə oxunub
“Nə yaxşı ölmədim bu aralıqda”

İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda...” 

Osmanlı türkləri dekabra necə də dəqiq olaraq  “aralıq” deyir. Təzə ilə köhnə arasında aralıq. Ramiz Rövşən aralıqda-dekabrın 15-də-payızla qısın aralığında dünyaya gəlib. Bu isə onun “Qocalıq” şeirindən seçib bəyəndim bəndlərdən biridir. 

Ramiz Rövşən bizim nəslin- gəncliyi 90-cı illərə təsadüf edənlərin-kumiri deyildi, kumir onun kimi yazmaq, onun kimi düşünmək, onun kimi fəlsəfi olmaq istəyidir. Kumir Ramiz Rövşəni başa düşmək, anlamaq istəyi idi. 

Onun oğlu Rövşənə həsr etdiyi “İlan balası” şeirinin ən azı 10 yerə yozmaq olar, 10 məna axtarmaq, 10 məna tapmaq olar. Heç yadımdan çıxmaz. Rayonların birində qonaq idim. Gecənin bir vaxtı evə ilan girdiyi məlum oldu. Dağ adamları ilandan ürkən olur axı...Heç kimin gözünə yuxu getməyəcəyini görüb yol çantamda gəzdirdiyim Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitabını çıxardım. “İlan balası” şeirini tapdım, bir neçə dəfə oxudum. Beləcə yatdıq...                

Böyüyür bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
...Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey...

75968_o7nk6q0oma.jpg (29 KB)

Ramiz Rövşən o qədər dolu adamdır ki, onu dinləməkdən doymursan. Danışar, danışar sən yorulmazsan. Onun izahedilməz bir aurası var həm də. Onu görəndə-fərqi yoxdur, həyatda, ekranda- doğma adamını görürmüş kimi sevinirsən.   

Şairi unutmuşam axırıncı dəfə nə vaxt üzbəüz gördüyümü. Bir neçə gün əvvəl ATV telekanalında gördüm, qonaqlar da vardı yanında. Amma mən yalnız onu görə, onu dinləyə bilirdim. Ramiz monoloq adamıdır, o səni də səbirlə dinləyir, amma özü sənin səsinlə danışır. Onun çıxışları özü bitkin bir şeirdir, qısa hekayədir, həyatı isə yəqin ki bir roman...

Onun danışıqlarından istəsən, hər dəfə nə isə öyrənə bilərsən. Oğurlaya, özününküləşdirə isə bilməzsən. Onun şeirlərin o səbəbdən özündən başqa kimsə onun kimi söyləyə bilmir. Heç kim onun kimi də yaza bilmir. Ramizin şeirlərindəki “İlahi”, “Allah” müraciətləri onun Göylərdən çox Yerə-insanlara, suya, çörəyə, dostluğa bağlılığını göstərir. Ramiz Rövşən söz ustasıdır, amma söz oyunçusu deyil, söz canbazı deyil. 

Türkiyədə çox səs-küy gətirən Müslüm Gursəsin həyatından olan “Müslüm” filminə baxanlar bilir: orda gənc Müslümün ustadının bir ifadəsi  mismar kimi adamın başını deşir: “Müslüm, yalnız səs susarsansa, səsin kəsilər...” Ramiz Rövşənin bir neçə il əvvəl bir ifadəsi yadıma düşür: “Mən iyrənib susa bilərəm...”                     

hqdefault.jpg (23 KB)

Ramizin şeirlərindəki “Qara paltarlı qadın”ı  kimlər axtarmadı, kimlər tapdı?          

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
                            yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq. 

photo_2902.jpg (73 KB)

Bütün dünyada qadın şiddətinə qarşı üsyan etdiyi  bu günlərdə Ramizin şeiri necə də aktualdır. Divarlara yazılacaq bir şüar kimi…Bəs, bu şeiri necə? 

Yox,sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın…

Bu gün xalq şairi Ramiz Rövşənin ad günüdür. O susmayınca yaşı da yerində durmaz. Neçə yaşı olduğunu siz deyin…