| Xəbər 4450 dəfə oxunub
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert proqramı təşkil edilib

2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qardaş ölkədə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş tədbirlər keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində Nəsimi yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olan qonaqlar şairin əsərlərinə çəkilmiş rəsmlər, onun Azərbaycan ədəbiyyatında rolu, şairin təmsil etdiyi ədəbi cərəyan və başqa motivlərdə yaradılmış əsərlər nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov “Nəsimi ili” ilə əlaqədar həyata keçirilən layihələr barədə məlumat verib, öz istedadı ilə həmişə dünyanı heyrətləndirən xalqımızın bəşər mədəniyyətinə çoxsaylı şəxsiyyətlər bəxş etdiyini söyləyib. O, hər bir xalqın öz mədəniyyəti və ədəbiyyatı ilə tanındığını qeyd edərək, İmadəddin Nəsiminin Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri olduğunu vurğulayıb.

İlk dəfə olaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən 1973-cü ildə böyük söz ustadı İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO təşkilatı layihəsi ilə təntənə ilə qeyd olunduğunu vurğulayaraq, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində şairin möhtəşəm heykəlinin ucaldıldığını bildirib.

Özbəkistan Yazıçılar Birliyinin üzvü, alim-tərcüməçi Babaxan Şərif Nəsiminin türkdilli ədəbiyyatda söz sənətini forma və məzmunca daha da zənginləşdirdiyini və özündən sonrakı nəsillər üçün çox dəyərli ədəbi irs qoyduğunu bildirib.

Çıxış edən digər natiqlər - Nəsiminin vətənindən Şamaxı-İsmayıllı regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Kərimulla Məmmədzadə Nəsiminin Azərbaycan mədəniyyətində, ədəbiyyatında xidmətləri və yaradıcılığından danışaraq, şair haqqında məşhur bədii filmin çəkildiyini, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olunduğunu söylədilər. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşünaslıq və dilçilik yönlərindən araşdırıldığını söyləyən natiqlər, nəticədə şairə dair bir sıra sanballı tədqiqat əsərlərinin yaradıldığını qeyd ediblər.

Daha sonra Nəsiminin vətənindən şairin rəsminin əks olunduğu xalça Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edilib.

Tədbirin bədii hissəsində Özbəkistan Xalq Çalğı Alətləri ansamblı Nəsiminin qəzəlləri, habelə Azərbaycan bəstəkarlarına aid əsərləri ifa edib. Şairin “İstəmə”, “Məndə sığar iki cahan” və başqa əsərlərini özbək solistlər Səncər Qadirov, Uluqbek Həmdəmov ifa ediblər. Tədbirdə gənc balaban ustası Nodir Şoazimov Azərbaycan xalq mahnısı “Sarı gəlin”i səsləndirib.

Bədii rəhbər Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestri Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanməmmədovun və Tofiq Quliyevin əsərlərini ifa edib.