|
Fiziki məhdudiyyətli insanların da iştirak etdiyi "Solğun sevgilər"in premyerası keçirilib

Dekabrın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fiziki məhdudiyyəti olan şəxslərin də cəlb edildiyi teatr-studiyası tərəfindən hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası olub.

Musavat.com bildirir ki, tamaşanın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, mədəniyyət naziri Əbülfəs Qarayev, digər rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, incəsənət xadimləri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında layihənin fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədi ilə həyata keçirildiyini deyib:

"Bu gün fiziki məhdudiyyətli insanlarla bərabər Cəfər Cabbarlının əsəri əsasında hazırlanan tamaşadır. Hər bir insanda yaradıcı potensialın açılması üçün bu fürsətlərdən geniş istifadə etməliyik. Biz buna dəstək veririk. Bunun üçün bütün teatrlarda şərait yaradılıb. Bu layihənin hazırlanmasında Kukla Teatrının özünün də təşəbbüsü olub. Ümumiyyətlə, yeni formalaşan, maraqlı layihələrlə çıxış edən özfəaliyyət teatr kollektivləri ilə əməkdaşlıq edirik.

Azərbaycanda çoxlu xalq teatrları fəaliyyətlərini davam etdirir. Onların sayı artmaqdadır. Son illər biz bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə fiziki məhdudiyyətli insanların da qoşulmasını təşkil edirik. Hesab edirəm ki, olduqca dəyərli təşəbbüsdür. Biz gələcəkdə də belə layihələri dəstəkləyəcəyik".

Daha sonra tamaşa təqdim olunub.

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırlanan tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət Nazirliklərinin birgə layihəsi çərçivəsində həyata keçirilib.

Tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatı əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. Tamaşada Elnarə Qədimova, Türkay Cəfərli, Ülviyyə Əliyeva, Günay Əhməd və başqaları oynayıb.
Əsərdə hiyləgər Gülnisə bir-birini sevən Bəhramla Saranı hiylə ilə bir-birindən ayırır və Bəhramı qızı Pəri ilə evləndirir. Həsrətə dözə bilməyən çarəsiz Sara xəstələnib yatağa düşür. Bundan sonra da Pəri Bəhramla Saranın görüşünə hər vəchlə mane olur və sonda Saranın ölümü ilə rahatlıq tapır. Bunu eşidən Bəhram bərk sarsıntı keçirərək sanki yuxudan ayılır və əsl sevgisini itirdiyini anlayır, bütün olanların səbəbkarı kimi Pərini görür, onu boğaraq öldürür. Sevimli Sarasının solan çiçəklərini də bağrına basaraq ona yas tutan Bəhram dəliyə çevrilir. Pərini səmimi məhəbbətlə sevən Azad və Saraya dərin rəğbəti olan Rəsul əsərin humanist obrazlarıdır.