|
Komitə sədri bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib ki, diaspor təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir: “Bəzən olur ki, kimlərsə nə vaxtsa hanısa bir məsələyə görə bir birindən küsür. Mən Ukraynanı misal gətirirəm.

Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Biz bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərirlər. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqında mənfi fikirlər səsləndirsin. Biz hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da bildiririk ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha yüksək dəstək göstərək. Mən buradan hamıya çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək”.