Yolun əsaslı təmir işlərinə yaxın günlərdə başlanılacağı gözlənilir...
Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun "Bibiheybət" məscidi yaxınlığından keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolda çökmə baş verdi. Hadisədən sonra müvafiq qurumlar dərhal işə keçib, ərazidə işlərə başladılar. Noyabrın 30-da isə prezident İlham Əliyevin tapşırığı ilə Bibiheybətdə sürüşən əraziyə baxış keçirildi. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli hadisə yerində oldular.
Əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirakı ilə operativ müşavirə keçirildi. Müşavirədə sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib və məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verildi.
Bəs ərazidə hazırkı durum necədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, orada təmir işləri aparıldıqdan sonra yolda hərəkəti bərpa etmək mümkündür. Qaralov söylədi ki, istinad divarını ana süxurunun üzərində tikmək lazımdır. Əks halda, torpaq ağırlıq edəcək və uçma hadisəsi baş verəcək. O bildirdi ki, ərazidə baş verən hadisə sürüşmə deyil, uçma hadisəsidir:
“Orada sürüşmənin əlamətləri yoxdur. Sadəcə olaraq, islanan torpaq ağırlaşıb və istinad divarının da uçması nəticəsində yol çöküb. Ötən il də müşahidə etmişdim ki, oradakı istinad divarı qabarma verib. Biz bildirmişdik ki, burada uçqun baş verə bilər”.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, agentlik tərəfindən sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edilib və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub: “Əməkdaşlarımız tərəfindən nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edilib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi, noyabrın 24-də axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tərəfindən tapşırıq verilib. Təəssüflər olsun ki, ehtimallarımız özünü doğrultdu və noyabrın 25-də səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentlik tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu”.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, hazırda ərazidə geoloji-kəşfiyyat, çökmə nəticəsində yola tökülən torpaq qatının təmizlənməsi işləri aparılır. Geoloji-kəşfiyyat işlərinin aparılması, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün aparılır. Mütəxəssislər bildirirlər ki, bu işlərdən sonra hadisənin hansı səbəbdən baş verdiyi öyrəniləcək. Anar Nəcəfli Real TV-nin canlı efirində bildirib ki, bu həftənin sonuna qədər onlara hesabatın təqdim olunması nəzərdə tutulub:
“Layihə hazırlanıb, təsdiqləndikdən sonra ərazidə təmir-bərpa işləri başlayacaq. Bu işlər başlayandan sonra isə prosesin nə zamana qədər çəkəcəyini söyləmək olacaq. Biz çalışacağıq ki, burada işlər qısa müddət ərzində yekunlaşsın. Qısa müddət dedikdə bir neçə ay nəzərdə tutulur. Çünki burada həqiqətən də işlərin miqyası böyükdür. Bəzi saytlarda məlumat verildi ki, bu yolda mart ayında təmir işləri aparıldığı halda niyə çökmə hadisəsi baş verdi. Qeyd edim ki, burada yalnız cari təmir işləri aparılmış, asfalt-beton örtüyü yenilənmişdi. O zaman isə hər hansı sürüşmə xarakterli həyəcan, verici hal yox idi”.