| Xəbər 4333 dəfə oxunub
Yeni il ərəfəsi ölkə hotellərində utandıran qiymətlər

4 nəfərlik bir ailənin Şahdağda tətil keçirməsi 5-6 min manata başa gəlir

Hər il  olduğu kimi yenə də turizm sektorunda qiymətlər  Yeni il ərəfəsində “od tutub yanır”. Həm paytaxtdakı, həm də turistik bölgələrimizdəki istirahət mərkəzləri, hotellər qiymətləri fantastik həddə qaldırıblar.

Artıq hotellərin əksəriyyəti indidən tutulub. Tələbat çox olduğundan qiymətlər də adi vaxtlarla müqayisədə bir neçə dəfə bahadır. Booking.com saytında axtarış zamanı əksər hotellərdə yerlərin tükəndiyi, xüsusən də 29 dekabr -1 yanvar aralığında boş otaqların qalmadığı qeyd olunur. Qiymətlərə gəlincə, “Pik Palace” Şahdağ Hotel-də  4 gecə istirahət və Yeni il şənliyi gündə 2 dəfə yemək olmaq, 2018 manata başa gəlir. “Zirvə” hotelində isə 3 gecə istirahət (31-i daxil olmaqla), Yeni il şənliyi, gündə 2 dəfə yeməklə  1570 manata başa gəlir. “Şahdağ Hotel & Spa”da 3 gecə istirahət (31-i daxil olmaqla) 1810 manatdır.

Bu 1 nəfərin istirahəti üçün nəzərdə tutulan qiymətdir. 4 nəfərlik bir ailənin burada birgə tətil keçirməsi 5-6 min manata başa gəlir. Bu isə orta aylıq əmək haqqı ilə bir nəfərin 1 illik gəlirinə bərabərdir. Ancaq görünən odur ki, bu xidmətlərdən istifadə edəcək orta və imkanlı təbəqə kifayət qədərdir və artıq boş yerlər tapmaq mümkün deyil.

Məsələn, Şəkidə yerləşən beşulduzlu “Marxal Resort & SPA”da qiymətlər ürəkaçan deyil. 3 gün 2 gecə burada standart otaqda qalmaq 1 nəfər üçün 1610, 2 nəfər üçün isə 2035 manatdır. Əgər eyvansız otaq seçsəniz, 1560-2110 manat ödəyə bilərsiniz. “Deluxe Suite” otaq 1780 manatdır. “Corner Suite” 1830, 2 nəfərlik villa 1830, standart villa (4 nəfər) 3220, orta ölçülü villa (6 nəfər) 4700, böyük ölçülü villa (8 nəfər) 5990 manat təşkil edir. Əgər uşağınızın 4-12 yaşı varsa, 272 manat əlavə ödəyəcəksiniz. 12 yaşdan yuxarıdırsa, 545 manat ödəməniz tələb ediləcək. Qiymətə gündə 3 dəfə qidalanma və bayram gecəsi olacaq şou-proqram daxildir.

“Quba Palace Hotel” də Yeni il günü xüsusi paketlər hazırlayıb. “Deluxe” dağ mənzərəli otaq (2 nəfərlik) 1500, “Deluxe” göl mənzərəli 1600, “Junior Suite” (2 nəfərlik) 1700, “Family Suite” (4 nəfərlik) 2700, “Midiya villa” 4000, “Urmiya villa” 4500, “Atropatena villa” 4500 manatdır. Qiymətlərə gündə cəmi iki dəfə yemək daxildir.

İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, qiymətlərin bu qədər baha olmasının səbəbi Azərbaycanda 5 ulduzlu hotellərin üstünlük təşkil etməsidir: “Bakı 5 ulduzlu hotellərin sayına görə liderdir. Onlardan 52-də 1 gecənin qiyməti 374 manatdan başlayır. 5 ulduzlu hotellərin sayı Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tiflisdə 13-dür. Bakıda 5 ulduzlu hotellərin sayının çoxluğunu belə izah etmək olar.

Öncə hesab edirəm ki, Azərbaycanın paytaxt şəhərində 5 ulduzlu hotellərin sayının 100-dən çox olması Neft Fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına yatırılmasından xəbər verir. İkincisi, bu hotellər büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır». Q.İbadoğlu hesab edir ki, ölkə paytaxtında 5 ulduzlu hotellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir: “Ölkədə 100 minlərlə gənc mənzilsiz yaşadığı halda bu hotellər yalnız beynəlxalq tədbirdən tədbirə doldurulur. Dördüncüsü, böyük ehtimalla Bakıdakı 5 ulduz hotellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də, rüşvətin müqabilində həmin statusu qazanıb. Nəhayət, Bakıda 5 ulduz hotellərin sayının 2 və 3 ulduz hotellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlbediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur. Çünki turistlər adətən aşağı ulduzlu, ucuz hotelləri olan ölkələrə səyahət edirlər. Araşdırma göstərdi ki, dekabrın ortalarında Bakıdakı hotellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır”.

Yeni il ərəfəsi ölkə hotellərində ile ilgili görsel sonucu

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov “Yeni Müsavat”a  açıqlamasında bildirdi ki, əslində bu, tələbatın çox olması deyil, Yeni ili keçirmək üçün hotellərin və nömrələrin sayının az olmasından doğur: “Əgər orada fərqli büdcələrə malik olan hotellər inşa olunsaydı, tələbat tam ödənilərdi. Çünki imkanı olmayanlar heç müraciət də etmirlər. Səbəb isə qiymətlərin baha olmasıdır. Bahalığın əsas səbəbi isə rəqabətin düzgün aparılmamasıdır. Hotellərin sayı çox olarsa, qiymətlər avtomatik düşər. Hotellərin sayının çox olması üçün isə sahibkarlar üçün güzəştli şərtlər ortaya qoyulmalıdır. Əgər sahibkarlara güzəştli şərtlərlə hotel inşa etməyə şərait yaradılarsa, həmin hotellər tez zamanda tikilər. Çünki sahibkarlar üçün indi yaşayış evi tikmək daha sərfəlidir, çünki pulunu öncədən alırlar. Bunun üçün də sahibkarları hotel tikməyə, həm də aşağı büdcəli hotellər tikməyə təşviq etmək lazımdır. Hazırki qiymətlər reallığa uyğun deyil. Çünki həmin yerlərdə göstərilən xidmət ödənilən qiymətə müvafiq deyil. Yüksək səviyyəli xidmət göstərilməlidir ki, müştəri ödədiyi pula uyğun xidmət alsın və etiraz etməsin. Qiymət yüksək, xidmət isə aşağı səviyyədədirsə, o zaman bu,  hər bir müştəridə narazılıq doğurur. Bu məsələ çox önəmlidir”.

M.Ağakərimov ile ilgili görsel sonucu

M.Ağakərimov vurğuladı ki, 1, 2, 3 ulduzlu hotellərin və hostellərin sayı çox olarsa, rəqabət olar və qiymətlər də münasib olar: “Azərbaycanda 2 və 3 ulduzlu hotellər tikilsə də onlara 4, 5 ulduz yapışdırılır. Sanki 5 ulduz vurmaqla bu hotel həmin səviyyəyə qalxmış olur. Halbuki 5 ulduzlu hotellə bağlı Ümumdünya Turizm Təşkilatının öz meyarları var. Həmin meyarlara cavab verən hotellər 4, 5 ulduzlu ola bilər”.

“Fly” Turizm Agentliyinin rəhbəri  Mamed Əliyev isə ölkə daxilində hotel və istirahət mərkəzlərində qiymətin baha olması səbəbindən vətəndaşlarımızın daha çox xaricdə Yeni il şənliyini keçirməyə üstünlük verdiyini dedi: “Hazırda Yeni il şənliyi üçün ən populyar istiqamət Dubay və İstanbuldur. Dubayda 2 nəfər üçün 31 dekabr da daxil olmaqla, 4 gecəlik istirahət 1000 dollara başa gəlir. Azərbaycanın bölgələrində isə bundan daha bahadır. Bu qiymətə ancaq səhər yeməyi və qalan bütün şərtlər, geniş-dönüş bileti də daxildir. İstanbula da Azərbaycandan turpaket var, iki nəfərin 4 gecə 5 günlük səfəri 900 dollara başa gəlir. Yemək menyusuna, sadəcə, səhər yeməyi daxildir”.