|
Prezident İlham Əliyev:

“Əfsuslar ki, bu il əldən verilmiş fürsətlər ili olmuşdur”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri, ATƏT-in icraçı sədri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, bu il əldən verilmiş fürsətlər ili olmuşdur. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır”, - deyə dövlət başçısı qeyd edib.
Bu il ölkə başçıları səviyyəsində, həmçinin xarici işlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsinin olduğunu xatırladan prezident daha sonra deyib: “Növbəti görüş tezliklə sizin ölkənizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər”.