|
Moskva-Bakı əlaqələri - bir uğurlu səfərin mühüm detalları

Deputat: “Rusiyada Azərbaycanın ikinci şəxsinə Ermənistanın 1-ci şəxsindən daha çox diqqət, dəyər verildi...”

Azərbaycan-Rusiya münasibətlərində əvvəlki soyuq ritorika daha müşahidə olunmur. Kremldəki müəyyən dairələrin zaman-zaman “5-ci kolon”u fəallaşdırmaq, Bakıya qarşı müxtəlif təzyiq rıçaqlarını işə salmaq çabaları son illər, demək olar, səngiyib. Moskva Azərbaycanla tələb üslubunda, ötkəm leksikonda danışmağa üstünlük vermir. Əksinə, axır zamanlar ikitərəfli münasibətlər bərabərhüquqlu çərçivədə inkişaf etməkdədir.

Sözsüz, Kremlin könlü istərdi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da, Gömrük və Avrasiya İttifaqlarına da üzv olsun. Lakin rəsmi Bakının belə bir niyyəti yaxın perspektivdə görünmür. Eyni zamanda oktyabrda Qoşulmama Hərəkatının zirvə toplantısının paytaxtımızda keçirilməsi və sədrliyin Bakıya verilməsi də, istər KTMT, istərsə də NATO kimi hərbi alyanslardan Azərbaycanın uzaq durmaqda, neytral mövqedə dayanmaqda davam edəcəyinin mesajı oldu.

Rusiya siyasi rəhbərliyi Azərbaycanda prezident İlham Əliyevin struktur və kadr dəyişikliklərini də müsbət qarşıladı. Rusiya elitası həmçinin Azərbaycanın 1-ci vitse-prezident Mehriban Əliyevaya Moskva səfərində yüksək səviyyəli münasibət göstərdi. O sırada fəxri qarovulun düzülməsi, naməlum əsgərin abidəsinin ziyarət olunması xüsusi qiymətləndirilən dövlətlərə, onların təmsilçilərinə verilən bir protokol hadisəsidir. Rusiyanın lideri Vladimir Putinin onu “Dostluq” ordeni ilə təltif etməsi də beynəlxalq aləmə nümayiş etdirilən ciddi mesaj idi.

Yeri gəlmişkən, Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Rusiyanın dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbriklərə görə Azərbaycan xalqına təşəkkür edib.

Rusiyalı ekspert Sergey Markov ile ilgili görsel sonucu

Rusiyalı ekspert Sergey Markov “Trend”ə deyib ki, Rusiya və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı genişləndirir: “Bu gün onlar arasında prioritet Xəzər dənizinin ehtiyatlarının işlənməsi, eləcə də ”Şimal-Cənub" nəqliyyat dəhlizinin formalaşdırılması və hərbi-texniki sahədə əməkdaşlıqdır. Məlumdur ki, Rusiya Azərbaycana çoxlu müasir silah satır. Bundan başqa, enerji daşıyıcılarının hasilatı və nəqli sahəsində əməkdaşlıq fəal inkişaf edir. Rusiya və Azərbaycan Türkiyə ərazisindən Avropa İttifaqı bazarlarına qaz tədarük edir. Ona görə də həm Rusiya, həm də Azərbaycan qaz ixracı bazarında rəqiblərin olmamasında maraqlıdır ki, əməkdaşlıq hesabına öz mənfəətlərini artırsınlar".

Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Mehriban Əliyevanın Rusiya səfəri Azərbaycanın maraqları baxımından olduqca uğurlu alınıb. Onun sözlərinə görə, bu səfəri Moskva-Bakı münasibətlərində yeni mərhələ kimi qiymətləndirmək olar.

Deputat Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

B.Sadıqov hesab edir ki, Rusiyanın adını çəkəndə Ermənistanı yada salmaq və müqayisə aparmaq yerinə düşür: “Bir müddət əvvəl Putin Ermənistana getmişdi və Paşinyan onunla görüş üçün əldən-ayaqdan gedirdi. Çalışırdı ki, yüksək səviyyədə görüş olsun, Putinlə şəkil çəkdirsin. Amma ayaqüstü bir görüş oldu. Azərbaycanın 1-ci vitse-prezidenti isə Moskvaya gedir, əvvəlcə baş nazirlə görüşür, nümayəndə heyəti qəbul edilir. Sonra Putinlə yüksək səviyyədə görüş olur, ”Dostluq" ordeni təqdim edilir, ardınca Rusiya Federasiya Şurasının sədri Motviyenko ilə görüş olur. Azərbaycanın ikinci şəxsinə Ermənistanın 1-ci şəxsindən daha çox diqqət, dəyər verildi".

Deputat bu səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafı baxımından önəmli sayır: “Rusiya və Azərbaycan dövlət başçıları bir-birini dost adlandırırlar. İki ölkənin münasibətlərinin həmişə xoş olması üçün potensial böyükdür. İlbəil qeyri-neft məhsullarını ticari dövriyyəsi artır, rus turistlər ölkəmizdə çoxalır. Bu mənada səfərin iki ölkə əlaqələrində yeni mərhələ adlandıra bilərik. Rusiya Azərbaycana dəyər verir. Digər tərəfdən, Rusiya böyük dövlətdir, Qarabağ münaqişəsinin həllində əsas rol oynayan dövlətlərdən biridir. Ona görə Mehriban xanımın səfərinin uğurlu alınması sevindirici oldu”.