|
Bakıda daha bir narkoşəbəkənin üzvləri həbs edilib –

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvləri həbs ediliblər. Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Solmaz Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək narkoşəbəkinin digər üzvləri dəstənin başçısı Rusiya Federasiyası vətəndaşı Şövqi Babayev və onun yaxın qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyevn də polislər tərəfindən tutulublar. Nicat Quliyev saxlanılan zaman onun üzərindən 21,699 qram çəkidə narkotik vasitə heroin aşkar edilib. Şövqi Babayevin üzərində şəxsi axtarış aparılan zaman isə külli miqdarda 107,806 qram heroin, 101,501 qram qurudulmuş marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elekron tərəzi aşkar edilərək götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, Şövqi Babayev əldə etdiyi narkotik vasitələrin satışını Solmaz Salmanov və Nicat Quliyev vasitəsilə təşkil edirmiş. Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirlərii seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.