|
Bu gün ilk dəfə dünya şöhrətli özbək musiqiçilərinin Bakıda konserti keçiriləcək - FOTO

Noyabrın 21-də “Okuklu Holding” şirkətində dünya şöhrətli Özbəkistan müğənnilərinin Bakıda keçiriləcəyi konsert ilə bağlı mətbuat konfransı keçirilib. Musavat.com bildirir ki, tədbirdə Özbəkistanın əməkdar artisti, “Nixol” dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev, Yulduz Turdiyeva , həmçinin konsert üçün Bakıda səfərdə olan tanınmış türk sənətçisi Pınar Eliçe, azərbaycanlı meyxanaçı Tərlan Novxanı iştirak edib. Konfrasnda qeyd edilib ki, noyabrın 22-i, saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək konsertdə xalq artisti Mənsum İbrahimov da çıxış edəcək.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, Özbəkistan sənətçiləri ilk dəfədir ki, Azərbaycanda səfərdədirlər:

“Müstəqilli tariximizdə ilk dəfədir ki, özbək musiqiçiləri Heydər Əliyev Sarayı kimi Azərbaycanın əsas konsert səhnəsində çıxış edəcəklər. İfaçılar bu günə qədər Amerika, Almaniya, Türkiyə və digər ölkələrdə konsert proqramları ilə çıxış ediblər. Özbəkistan prezidenti Şafkat Mirzəyevin Bakıya səfərindən sonra Azərbaycan- Özbəkistan əlaqələri sırasında bu birinci layihə olaraq gerçəkləşmək ərəfəsindədir.

Azərbaycan musiqiçiləri dəfələrlə Özbəkistanın ən nüfuzlu konsert saraylarında çıxış ediblər. Lakin bu ilk hadisədir ki, özbək musiqiçiləri ən ali səhnədə çıxış edəcək.

Bütün azərbaycanlıları, türk dünyasından olan hər kəsi konsertdə gözləyəcəyik”.

Özbək müğənnisi Uluqbey Raxmatullayev Azərbaycanda səfərdə olduğundan çox məmnun olduğunu deyib:

“Biletlər artıq çoxdan satılıb. Bakıda keçirəcəyimiz ilk konsertlə bağlı çox həyəcanlıyıq. 

Azərbaycanda hər bir millətdən olan insanlar var və onlar dostluq münasibətində yaşayırlar. Azərbaycan, Türkiyə, Özbəkistan hər zaman dost, qardaş ölkə olub”.