|
Müxalifətin parlament seçkiləri ilə bağlı planı yoxdur

Növbədənkənar seçkilər iddiaları artır

Növbədənkənar parlament seçkiləri qərarı verilməyəcəyi halda Azərbaycanda hazırkı parlamentin 11,5 ay müddəti qalıb. Gələn ilin əvvəlində parlament seçkiləri keçiriləcək. Ancaq belə iddialar da irəli sürülür. Maraqlıdır ki, bu cür iddialarla əsasən bəzi müxalifətçilər çıxış edirlər. Məsələn, VİP sədri Əli Əliyev əmindir ki, növbədənkənar seçkilər gələn ilin aprelində və ya mayında olacaq. 

Bəs parlament seçkilərində müxalifət düşərgəsi blokla iştirak edə bilərmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə dedi ki, Azərbaycan parlamentinin indiki vəziyyəti ilə Azərbaycan müxalifətinin namizədləri yaxşı təbliğat quracaqları təqdirdə xalqdan səs ala bilərlər: “Fərqi yoxdur seçkiyə blok şəklində gediləcək, yoxsa ayrı-ayrılıqda. Yetər ki, seçki mühiti formalaşdırılsın, dinamika artsın və seçici seçkiyə gəlmək həvəsində olsun. Bunu da müxalifət partiyaları özlərinin fəaliyyəti ilə yaratmalıdır.

İqbal Ağazadə ile ilgili görsel sonucu

Biz seçkiyə hazırlaşırıq. Bələdiyyə seçkilərində iştirakımızın da əsas səbəblərindən biri rayon təşkilatlarımızı toparlamaq, onların seçki praktikasını artırmaq, o cümlədən də növbəti parlament seçkilərinə hazırlıq mərhələsini keçməkdir”.  

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, artıq bir neçə ildir növbədənkənar parlament seçkilərinin olacağı iddiası gündəmdədir. Ancaq hələlik bu yöndə hansısa konkret addımların şahidi deyilik: “Həmçinin hakimiyyət daxilindəki indiki qəliz və gərgin vəziyyəti nəzərə alsaq, hər an hər şeyin ola biləcəyini də deyə bilərik.  Eyni zamanda heç  kəsə sirr deyil ki, iqtidar daxilində son söz bir şəxsə aiddir, demək, yenə də istənilən an belə  bir qərar verilə bilər. Odur ki, bu mövzu ətrafında konkret nə isə demək mümkün deyil”.

Tural Abbaslı qeyd etdi ki, əgər  növbədənkənar seçki olarsa və  ya ümumiyyətlə, parlament seçkilərində müxalifətin hansı formada iştirakı barədə də nə isə demək tezdir. Belə ki, müxalif partiyalar  arasında münasibətlər stabil deyil və demək olar hər gün yeni münasibətlər  formalaşır: “İndidən nəyisə hesablamaq mümkün olmur. Ola bilər ki, partiyalar seçki bloku şəklində  getdilər, ya da hansısa koalisiya  formasında və ya kimlərsə ayrıca şəkildə də qatıla bilər. Bunu zamanı gələndə daha aydın görəcəyik. Ancaq hələlik bu məsələdən daha çox aktual olanı müxalifətin belə bir seçkilərdə, ümumiyyətlə, iştirak edib-etməyəcəyi məsələsidir. Çünki  son parlament seçkilərində də biz şahid olduq  ki, bəzi partiyalar boykot taktikasını seçdilər. Məndə olan məlumatlara əsasən hazırda da bir çox partiyalar seçki  sistemində hər hansı islahatların olmayacağı təqdirdə bu seçkilərdə iştirakı  məqbul hesab etmirlər. AĞ Partiya olaraq bizim də hələlik bu barədə  konkret hansısa qərarımız yoxdur. Biz də seçki sistemində heç olmasa minimal islahatların tərəfdarıyıq. Əks təqdirdə, seçkilərin ədalətli və şəffaf  keçiriləcəyinə inam çox azdır”.