| Xəbər 13105 dəfə oxunub
Dünyanın casus şəbəkələrini İstanbula toplayan səbəb

Həmid Herisçi: “Ora casus şəbəkələrinin qaynaşdığı şəhərdir, ”Mi 6" zabitinin ölümü də təsadüfi deyil"

Britaniya xüsusi xidmət qurumu olan “Mi-6"nın keçmiş zabiti, Suriya müharibəsi başlanandan sonra ”Ağ Dəbilqəlilər" humanitar təşkilatını təsis etmiş James Le Mesurierin meyiti İstanbulda aşkar edilib.

Le Mesurier Rusiya hakimiyyət orqanları tərəfindən tez-tez tənqid edilirdi. Bəzi məlumatlara görə, Le Mesurierin meyiti İstanbulun Topxana məhəlləsində yaşadığı evin pəncərələrinin altında tapılıb. Media bundan çıxış edərək ölümün zorakı ola biləcəyini yazır. “Ağ Dəbilqəlilər” (Suriya Mülki Müdafiəsi) - könüllü təşkilatı 2013-cü ildə yaradılıb. Suriya prezidenti Bəşər Əsəd Ağ Dəbilqəliləri qara piarla məşğul olmaqda ittiham edib. Təşkilata Britaniya və ABŞ maliyyə dəstəyi göstərir. “Ağ Dəbilqəlilər” Suriya ərazisində hökumət qüvvələrinin  nəzarətində olmayan ərazilərdə işləyirlər. Təşkilat fəaliyyətinin siyasi olmadığını bildirsə də, rəsmi Dəməşq və Rusiya başda olmaqla onun müttəfiqlərini daim mülki obyektlərin bombardman edilməsində və kimyəvi silahdan istifadədə ittiham edir. Rusiya XİN isə öz növbəsində “Ağ Dəbilqəlilər”i dağıntı və kimyəvi silahdan istifadəni səhnələşdirməkdə, saxtakarlıqda və terrorçularla əlaqədə ittiham edir.

Konspiroloq-yazıçı, telejurnalist Həmid Herisçi “Yeni Müsavat”a deyib ki, “Ağ Dəbilqəlilər”in təsisçisi olan sabiq “Mi 6" zabitinin İstanbulda ölümü təsadüfi deyil. O deyir ki, Le Mesurierin özünün də, qurduğu təşkilatın da adı dünyada birmənalı qarşılanmır: ”Məsələ burasındadır ki, “Ağ Dəbilqəlilər” guya humanitar təşkilatdır, başlarına ağ dəbilqə qoyub müharibə gedən ərazilərə yollanırlar. Guya xəstələri müharibənin dağıtdığı xarabalıqlardan tapıb çıxarır, ehtiyacı olanlara yardım edirlər. Bunların hərəkətləri qatilin özünün qətli törədəni axtarmasını xatırladır. “Ağ Dəbilqəlilər”in təsisçisi Le Mesurier-in İstanbulda müəmmalı ölümü də təsadüfi deyil. İstanbul casuslar şəhəridir. Orada səssiz casus müharibələri gedir. Sözsüz ki, bu müharibələrin təfərrüatları qəzet manşetlərinə çıxmır. Dünyada  ticarət müharibələri ilə yanaşı casus müharibələri də dayanmır. Casus müharibələri çox amansızdır. Orada qanun-qayda yoxdur. Casuslar qanundan kənardırlar. Öz adları ilə iş görmürlər. Öz adları ilə də ölmürlər ki, axtaran da olsun. Demək olar ki, İstanbula dünyanın dörd bir tərəfindən casuslar axışır. İstanbulda az qala bütün dövlətlərin casusları fəaliyyətdədir. Türkiyə hakimiyyəti də bunu bilir. Sadəcə, nəzarətdə saxlamaqla nə baş verdiyini müəyyən edir, yeri gələndə müdaxilə edir".

Həmid Herisçi deyir ki, Türkiyənin “Barış pinarı” əməliyyatı çərçivəsində faktiki olaraq casusluq fəaliyyəti ilə məşğul olan şəxsləri saxlayıb: “Əlimdə olan siyahıya görə, 583 nəfər beynəlmiləlçi saxlanılmışdı. Onların əksəriyyəti Ağ Dəbilqəlilərin müəmmalı şəkildə dünyasını dəyişən rəhbəri kimi Böyük Britaniya vətəndaşları idi. Adlarını beynəlmiləlçi qoyub Türkiyə Suriya sərhədində fəaliyyətdə idilər. Faktiki kürd separatçılarına dəstək verirdilər. İŞİD yalançı islam layihəsidir. İslamçıları bir bayraq altına yığıb istədikləri ölkələrin üzərinə yönləndirir, döyüşdürür, məhv edirlər. Böyük dövlətlər belə yollarla istədiklərinə nail olur, həm də əlinə silah alıb döyüşən islamçıların siyahılaşdırılmasına nail olurlar. Müharibələrdə onları qırğına verir, sağ qalanlarını da müəyyən edib neytrallaşdırırlar. Amerika anarxist-yazıçısı Murray Bukçinin əsərlərini oxuyan Abdullah Öcalan PKK-nı anarxist təşkilata çevirdi. İslamçıları təxribata çəkməyi bacardılar. Ardından da ateist kürdləri də özlərinə işlətməyi bacardılar”.

Həmid Hersçi deyir ki, Le Mesurier əslində Ağ Dəbilqəli “Ceyms Bond”dur: “Türkiyəyə onun ölümü lazım deyildi. Heç bir ölkə onun ərazisində digər ölkənin casusunun öldürülməsini istəmir. Le Mesurierin müəmmalı ölümü onu deməyə əsas verir ki, pərdə arxasında izləri itirmək istəyi var.  Le Mesurier yaşayış yeri kimi İstanbulu seçməsi də təsadüfi olmayıb. Qeyd etdiyim kimi, İstanbul casus şəbəkələrinin qaynaşdığı şəhərlərdəndir”.

Həmid Herisçi deyir ki, Le Mesurierin ölümü ilə bağlı Camal Qaşıqçının ölüm işində olduğu kimi səs yazılarının, hətta ölüm anı videolarının da üzə çıxmasını istisna etmir: “Le Mesurier Topxanadakı evində tam nəzarət altında olub. Buna şübhəm yoxdur. Onun eyvandan kəlləmayallaq aşağı düşməsi, atılması əks olunan videoların üzə çıxacağına heç təəccüb etmərəm. Biz hazırda müqəddiməni görürük, kino məncə qabaqdadır. İstanbul arka sokaklarında nə baş verdiyini yaxınlarda biləcəyik”.