|
Nazir: "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək"

“Azərbaycanda minimum pensiya 1 il əzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxış edərkən deyib. O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olanlara əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əliliyi olan şəxslərə 100 manat. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

S.Babayev dedi ki, gələn ilin əvvəlindən bütün pensiyalar 14 faiz artırılacaq.

Nazir uşaq pulu ilə bağlı təkliflərə də münasibət bildirdi. Dedi ki, ölkədə 18 yaşına çatanadək uşaqların sayı 2.700 min nəfər, 15 yaşınadək olanların sayı 2,5 milyon, 6 yaşınadək uşaqların sayı isə 1 mln.200 min nəfərdir. S.Babayev dedi ki, təkliflər 18 yaşınadək uşaqları əhatə etsə, bu, 3,3 mlrd. manat vəsait edəcək. Qeyd etdi ki, bu il qəbul olunan sosial paketin həcmi 3 milyard manat olub.

Ölkədə 600 min nəfərədək uşağa müavinət verildiyini vurğulayan S.Babayev onu da bildirdi ki, gələn il ünvanlı sosial yardım 50 minlə 100 min arasında olacaq, onların da yarısı uşaqlardır. Nazir dedi ki, ümumilikdə uşaqlara müavinət verilmədiyini demək doğru deyil.

S.Babayev deputatların mənzil tikintisi və digər məsələlərlə bağlı təkliflərinə də reaksiya verdi. “2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”, nazir bildirdi.

O bildirdib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: “Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.

Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfər qalacaq: “Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.