| Xəbər 1247 dəfə oxunub
"Çıxanda səni də öldürəcəyəm" -

Həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1977-ci il təvəllüdlü Vüsal Məmmədovun cinayət işi məhkəmə iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror törətdiyi əmələ görə Vüsal Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı Vüsal Məmmədovun daha əvvəlki cinayət əməllərinin də nəzərə alaraq şərti hesab edilmiş cəzalarının da indiki cəzası ilə toplanaraq qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vüsal Məmmədovun anası bu cəzanın ağırlığına etiraz edərək qışqırıb.

Mərhumun anası isə daha ağır cəza təyin edilməsini istəyib. O, Vüsal Məmmədova ölüm cəzası təyin edilməsini istəyib.

Vüsal Məmmədov isə son sözündə əməlindən peşman olmadığını deyib.

O deyib ki, arvadını azyaşlı övladının gözü qarşısında qətlə yetirməyib.

Vüsal Məmmədov deyib ki, hadisədən bir neçə ay əvvəl qonşusu ilə dava edib. Onu polisə apararkən marixuana istifadəçisi olduğu məlum olub. Buna görə də onu həbs ediblər.

Məmmədov deyib ki, həbsdən qayıdandan sonra evə gəlib. Evdəki iki təsbehini axtarıb. Amma təsbehlərindən birini tapmayıb.

İfadəsində V.Məmmədov arvadını namusa görə öldürdüyünü deyib:

"Təsbehin biri məndə idi. Fəridədən soruşdum ki, təsbehimin o biri hanı? Dedi ki, xəbərim yoxdur. Bir neçə gün sonra Rəşad adlı tanış var idi. Onunla birlikdə maşında marixuana çəkirdik. Mən ondan salfetka istədim. Dedi ki, maşında var. Əlimi atıb salfetka götürəndə təsbehimi orada gördüm. Rəşad mənə dedi ki, dostu verib. Mən evə qayıdıb bu məsələni Fəridədən soruşdum. Dedi ki, belə bir şey yoxdur. Sonra Fəridə məndən şikayət elədi. Məni yenə narkotikə görə tutdular. İki ay da yatandan sonra evə qayıtdım.

Həmin gün onunla danışdım ki, niyə belə etmisən? Mən ona dedim ki, niyə mənə xəyanət etmisən? Yalandan yazılıb ki, guya mən onu pəncərədən atmışam. Mən atsaydım, özüm onu öldürərdim. O, məndən qaçmaq istəyəndə özünü pəncərədən atdı. Qolları qırıldı və xəstəxanaya apardılar. Xəstəxanada həkim dedi ki, Fəridə narkotik istifadə edibmiş.

"Mən qəti qərar vermişdim. Mən öldürmüşəm və peşman da deyiləm. Vicdanım təmizdir. Heç vaxt da peşman olmayacağam. İndi uşaqlar gəlib məndən şikayət edir. Onların etməli olduğu işi mən eləmişəm. Amma gəlib məndən şikayətçidirlər. Həyatdı da yaşayırıq. Başını kəsəcəkdim, amma bıçağı boğazına soxdum. Onda bildim ki, öldü" - deyə təqsirləndirilən şəxs bildirib.

V.Məmmədov əməlindən qətiyyən peşman olmadığını bir daha qeyd edib. O Söyləyib ki, tək peşmançılığı arvadını gec öldürməsidir.

Təqsirləndirilən V.Məmmədov qayınanasını da öldürəcəyini deyib: "Qabağımdan dovşan kimi yenə qaçacaqsan. Səni də öldürəcəyəm".

Tərəflər arasında yaranan gərginliyin qarşısı icraçıları tərəfindən alınıb.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Vüsal Məmmədova 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin may ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 

İttihamda yazılır ki, Vüsal Məmmədov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə arvadı Fəridə Məmmədovanı qətlə yetirib.

Belə ki, Vüsal Məmmədov dəfələrlə arvadını döyüb. Sonuncu dəfə ərinin bu hərəkətlərindən bezən Fəridə Məmmədova polisə müraciət edib. Bu müraciət əsasında Vüsal Məmmədov barəsində cinayət işi açılıb.

Bundan sonra Vüsal Məmmədov qisas almaq məqsədi ilə Fəridə Məmmədovanı izləyib. Fəridə Məmmədova əri Vüsaldan şikayətçi olduğu üçün məhkəməyə dəvət edilən gün də qətlə yetirilib.

Vüsal Məmmədov arvadını taksi ilə güdərək evə qayıtmasını gözləyib. Binanın həyətində Fəridə Məmmədovaya yaxınlaşaraq üzərində olan bıçaqla ona çox saylı zərbələr endirib. İttihamda göstərilir ki, Fəridə yalvarsa da, Vüsal buna əhəmiyyət verməyərək xüsusi amansızlıq və qəddarlıqla onu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.