| Xəbər 2953 dəfə oxunub
"Zaminbank"ın filial müdiri və işçiləri 1 milyon 337 min manat zərəri ödəyib

"Zaminbank"ın filial müdiri və onun işçiləri hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər çalışdıqları bankın külli miqdarda pulunu mənimsəməkdə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.


Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.


Daha əvvəl isə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub.


"Zaminbank"ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslər tərəfindən ödənilib.


Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.


Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.


Təqsirləndirilən şəxslərin anket məlumatlarında yazılır ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub. İki ali təhsili olan İlyasov ailəlidir.


O, "Zaminbank"dan əvvəl Maliyyə Nazirliyində çalışdığını deyib.


Təqsirləndirilən şəxslərdən Anar Osmanovun orta təhsilli olduğu, bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub.


Ali təhsilli, ailəli və üç övladı olan təqsirləndirilən Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı olub.


Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.


İş üzrə zərərçəkmiş tərəf - "Zaminbank"ın nümayəndəsi də məhkəmə iclasında iştirak edib.

Onların hamısı ev dustağıdır.


Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.