| Xəbər 2847 dəfə oxunub
Liviya miqrasiya memorandumunu yenidən nəzərdən keçirməyə razılıq verib

Liviya Milli Razılıq Hökuməti İtaliya ilə qanunsuz miqrasiyaya dair əməkdaşlıq memorandumunu yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Daxili İşlər Naziri Luçana Lamorcese deyib.

İtaliya və Liviya arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında memorandum 2017-ci ilin fevral ayında imzalanıb. Sənəd insan alveri və qaçaqmalçılıqla mübarizə, sərhədlərin möhkəmləndirilməsi və qanunsuz keçilməsinin qarşısının alınması sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edib. Memorandumun müddəti 2020-ci ilin fevralında bitməlidir.

L.Lamorcese İtaliya Parlamentinin Deputatlar Palatasında çıxış edərək, İtaliyanın Liviya tərəfinə təqdim etmək niyyətində olduğu "Operativ Humanitar Planı"nı təqdim edib.

Onun sözlərinə görə, yeni İtaliyan planında humanitar dəhlizlərin təşkili və BMT-nin himayəsi altında miqrantların saxlanma mərkəzlərinin yaradılması təklifləri var. Sənəddə həmçinin Liviyanın cənub sərhədlərinə nəzarətin gücləndirilməsi və Afrika ölkəsindəki xilasetmə xidmətlərinə, xəstəxanalara və məktəblərə yardım layihələri nəzərdə tutulub.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə İtaliyaya dəniz yolu ilə 23 min miqrant gəlib, 2017-ci ildə isə onların sayı demək olar ki, 120 mini ötüb.