| Xəbər 884 dəfə oxunub
Demokratiyanın özünə inanmayan müxalifət xalqa xoşbəxtlik vəd edə bilməz - Nahid Cəfərov

Müxalifətdəkilər daha çox yaşlanmaqda maraqlıdır. Problemin kökü isə yaşda deyil. Problem yaşlı nəslin dəyişiklikdə maraqlı olmamasındadır. Yaşlı nəsil isə əsasən keçmiş komsomolçular olduğu üçün demokratiyaya nifrət hissi ilə böyüdülüblər.

Trend-in məlumatına görə, bunu gənc fəal Nahid Cəfərov deyib. O, noyabrın 5-də Müsavat partiyası başqanının təşəbbüsü ilə partiyanın qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə keçirilən dəyirmi masa barədə danışarkən bildirib ki, müxalifətçilərin siyasət haqqındakı baza təfəkkürləri Stalin haqqında uydurulmuş miflərlə formalaşıb:

"Bunu özlərinin rəhbərlik etdiyi partiyalarda özləri haqqında formalaşdırdıqları stalinsayağı şəxsiyyətə pərəstişlikdən də görmək mümkündür. Belə bir nəslin nümayəndələri xalqa xoşbəxtlik vəd edə bilməz. Bu insanlar demokratiyanın özünə inanmırlar. İnansaydılar, rəhbərlik etdikləri qurumlarda bunu tətbiq etmiş olmalıydılar".