| Xəbər 955 dəfə oxunub
Rövnəq Abdullayev: Gələcəkdə "Neft Daşları"nın infrastrukturuna digər yataqlar da qoşulacaq

“Neft Daşları”nda hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yenidən qurulub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunu şirkətin prezidenti Rövnəq Abdullayev “Neft Daşları”nın 70 illik yubileyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olarkən deyib.

Onun sözlərinə görə, ölkənin əhəmiyyətli yataqların məhsulu “Neft Daşları”nın infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İstismar dövründə Neft Daşları NQÇİ ölkənin ümumi neft hasilatının 13%-ni birbaşa təmin edib. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70%-ə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.