| Xəbər 1074 dəfə oxunub
Teleşura sədrinin ssenaristləri tənqidlərinə cavab gəldi

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli özəl televiziya kanallarında yayımlanan serialları sərt tənqid edib. Sədr həmin seriallarda Azərbaycan ailəsinin təhrif olunduğunu deyib: “Çox təəssüf ki, reytinq xətrinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar təbii ki, bizi narahat edir”.

Xatırladaq ki, Nuşirəvan Məhərrəmli bundan əvvəl də dəfələrlə yerli serialları tənqid edərək, qeyri-peşəkarların bu sahəyə cəlb edildiyini, ssenarilərin Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzulardan ibarət olduğunu, bayağı, vulqar, qeyri-etik ifadələrdən, “Qayınata-kürəkən”, “Qayınana-kürəkən”, “Ata-oğul”, “Ata-qız”, “Bacı-qardaş”, “Hörmətsiz ağsaqqal”, “Qeyrətsiz oğul” söhbətlərindən gen-bol istifadə edildiyini vurğulayıb.

Bu gün yerli telekanallarda çoxlu sayda seriallar nümayiş olunur. Onların bəziləri geniş tamaşaçı auditoriyası qazana bilsə də böyük əksəriyyəti keyfiyyət baxımından o qədər də qaneedici deyil.

Bəs hazırda yayımlanan seriallar hansılardır?

Hazırda bu mövsümdə İTV-də “Bizim restoran”, “Kür nəğmə”, ARB TV-də “Yad gəlini”, “Uçurum”, ATV-də “Qan qohumları”, “Leyli və Məcnun”, “Buğlama”, XƏZƏR TV-də “Ata ocağı”, “Subaylıq sultanlıqdır”, “Xalxın evi”, “Ay yay yay” kimi komediya serialları yayımlanır.

O da məlumdur ki, artıq bir neçə ildir ki, dövlət tərəfindən film və serialların çəkilişinə külli miqdarda maliyyə ayrılır. Lakin çəkilən serialların keyfiyyəti bu gün də müzakirə olunmaqdadır.

Seriallarda süjet xətti bilinməyən ssenarilər, gənc aktyorların qeyri-təbii oyunu, peşəkar olmayan operator və rejissor işi bu müzakirələrə səbəb olmaqdadır. Təbii ki, bu cür iradları bütün seriallar barəsində demək olmaz.  Lakin reallıq budur ki, Azərbaycan tamaşaçısı yerli seriallardansa xarici, xüsusən də Türkiyə seriallarına baxmağı üstün tutur. Səbəb isə odur ki, yerli seriallar xarici seriallarla hələ də rəqabət apara bilmir. Bəzi ekspertlər buna səbəb kimi qeyd edirlər ki, ölkəmizin müasir ruhlu serialların çəkilməsi sahəsində təcrübəsi o qədər çox deyil. Digər səbəb kimi isə maddi-texniki bazanın yüksək səviyyədə olmadığı və yaxud universitetlərdə peşəkar aktyor yetişdirilməsində problemlər olduğu bildirilir.

Bu məqamda onu da xatırladaq ki, təxminən 15-20 il bundan əvvəl Türkiyədə də serial məsələsində bu cür problemlər yaşanırdı. Lakin sonradan dövlətin bu sahəyə nəzarəti sayəsində problem aradan qaldırıldı. Nazirlik qəti tapşırıq verdi ki, aktyorluq təhsili olmayan, aktyorluq üzrə ən azı üç aylıq kurs keçməyən heç bir şəxs serial və filmlərdə rol ala bilməz. Nəticədə, həm bu sahədə təhsil verən müəyyən kurslar yarandı, həm də istedadı olanlar özlərini daha da inkişaf etdirib sonra təcrübə qazanmağa başladılar.

Seriallarda Azərbaycan ailəsinin təhrif olunması məsələsinə gəldikdə isə, həm tamaşaçılar, həm də bir sıra ictimaiyyət nümayəndələri dəfələrlə bu mövzunu müzakirə edərək, bəzi obrazların həddən artıq bayağı, dəyərlərə uyğun olmayan şəkildə təqdim olunduğunu bildirirlər.

Bəs serial çəkənlər bu tənqidlərlə razıdırmı?

Əvvəllər “Bozbaş Pictures”, indi isə “Buğlama” layihəsinin rəhbəri olan İlkin Həsəni mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Tənqidlər hər zaman olur, sanki bir ənənə xarakteri daşıyır. Bundan əvvəl bizim ”Bozbaş Pictures" layihəmiz yayımlananda Nuşirəvan müəllim onda da qeyd etmişdi ki, bəzi rollar, obrazlar, məsələlər var ki, onlar heç də ürəkaçan deyil. Daha sonra serialları ayrı-ayrı təhlil edərək, “Bozbaş Pictures”dən də söz açdı, bildirdi ki, müəyyən problemlər var.

İlkin Həsəni: ile ilgili görsel sonucu

İlkin Həsəni: “Hansısa nöqsan olarsa, onu aradan qaldırmağa hazırıq"

Lakin bildiyiniz kimi, “Bozbaş Pictures” layihəmiz təxminən  il yarımdır ki, fəaliyyətini dayandırıb və bir ildən çoxdur ki, “Buğlama” layihəsinə başlamışıq. Hələ ki “Buğlama” ilə bağlı tənqidi fikirlər ilə rastlaşmamışıq. Lakin  hansısa tənqid, nöqsan olarsa, onu aradan qaldırmağa hazırıq".

İllərlə davam edən “Bacanaqlar” layihəsinin rəhbəri olmuş, hazırda isə “Leyli və Məcnun” serialında iştirak edən Elməddin Cəfərov isə məsələyə bu cür münasibət bildirdi: “Çatışmazlıqlar çoxdur. Bunun kökü  həm maddi, həm texniki bazaya, həm də yaradıcılığa dayanır. Ümumiyyətlə, bu sahə bizim üçün təzədir, doğrunu tapana qədər təbii ki,  yanlışlıqlar olacaq.

Təxminən 2014-15-ci illərdən başlayaraq serial sahəsi inkişaf etməyə başladı.  5 il o qədər də böyük rəqəm deyil, amma qüsurlar təbii ki, həm bizdə, həm də digərlərində hələ də var. Ortada olan problemləri bir günə həll etmək mümkün deyil, buna xeyli zaman lazımdır.  Bəzən olur ki, aktyora verilən ssenarini başqa cür oynayır, bəzən hay-küylü, bəzən təhrif edilmiş formada və sairə. Problemi tam aktyorların da üstünə atmaq olmaz.

Hazırda “Leyli və Məcnun” serialını çəkirik. Çalışırıq ki, maksimum dərəcədə keyfiyyətli çəkək. Çox sevindiricidir ki, tez-tez operator, rejissor işi ilə bağlı müsbət rəylər alırıq. Amma  bu dəfə də camaat baxmır, reytinq çox aşağı olur. Beləliklə, keyfiyyətin üzərinə gedəndə kütlə baxmır, əksinə, bayağılıq olanda daha çox izləyirlər. Bu problem də var. Hər gün oturub bu məsələni müzakirə edirik. Bəzən əl-qolum serialdan soyuyur, deyirəm bəlkə bunu da bayağı edək? Çünki baxan azdır".

Elməddin Cəfərov: ile ilgili görsel sonucu

Elməddin Cəfərov: “Keyfiyyətli çəkəndə heç kəs baxmır, bayağılıq olanda isə reytinq yüksək olur”

Elməddin Cəfərov reytinq aparatlarının quraşdırılması məsələsinə də toxunub: “İllər öncə qonşu Türkiyədə də bu sahədə problem yaşanırdı. Lakin maddi və texniki bazanı gücləndirəndən və reytinq aparatlarını doğru quraşdırandan sonra böyük dəyişiklik oldu. Belə ki, reytinqi dövlət tənzimlədi və 200-300 olan sayı 10 minə qaldırdılar. Hər cür  kütlədən olan insanların evində bunu quraşdırdılar. Bundan sonra bildilər ki, bəstəkar, heykəltəraş, ziyalı nə istəyir və buna uyğun çalışdılar. Bizdə isə ziyalıların deyil, digər təbəqənin evində quraşdırdıqlarına görə məcburi olaraq onlara uyğun işləyirik. Çünki göstərici onlardır.

Xatırlayırsınızsa, Murad Dadaşovun bir verilişi var idi, hansı ki bütün dünyada o veriliş məşhurdur. Lakin bizdə bu veriliş 1 reytinq verirdi. Bu o demək deyil idi ki, verilişə baxmırlar, sadəcə, reytinq aparatı doğru adamların əlində deyil, problem bundan ibarətdir. Keyfiyyətli veriliş edirsən 1, bayağı veriliş yayımlayanda isə 5-6 reytinq verir. Bunları həll etmək lazımdır. Təbii ki, bu məsələ Nuşirəvan müəllimin idarəçiliyində deyil,  ona görə də tənqidi bizə deyir, başqalarına nə deyə bilər ki".

Hazırda XƏZƏR TV-də yayımlanan “Subaylıq sultanlıqdır”, “Xalxın evi”, “Ay yay yay” seriallarnın rejissoru olan Ramin Hacıyev səslənən tənqidlərlə razılaşmadığını dedi:

“Ssenaristlər nə yazır, biz də onu çəkirik. Lakin tamaşaçı istədiyi kimi anlayır. Olur ki, hansısa mövzunu təqdim edirik,  bəzi tamaşaçı deyir düz edirsiniz, bəzisi deyir biabırçılıqdır, tənqid edir və sairə. Yəni fərdi yanaşma olur.  Öncə baxaq görək ki, bayağılıq nə deməkdir? Bayağılıq nə anlamına gəlir, bunu bilirikmi? Yumor kinematoqrafiya sahəsinin ən ağır sahəsidir. Kim necə istəyir o cür də qəbul edir. Adam var ki, siz dediyiniz bayağılığa və yaxud qurşadan aşağı olan yumora gülür, adam var ki, kanalı dəyişir. Sadəcə, bilmək istəyirəm ki,  bu bayağılıq nədir ki, mən də onu etməyim?”.

Ramin Hacıyev: ile ilgili görsel sonucu

Ramin Hacıyev: “Mənim çəkdiyim seriallarda heç vaxt bayağılıq olmayıb”

“Bəs niyə bundan əvvəl güclü yumor ustaları, sənətkarlarımızın yumoru bayağı qəbul edilmir, tənqid olunmurdu?” sualımıza isə rejissor bu cür cavab verdi:

“O zamanlar incəsənət universitetimiz ilə 100-200 nəfər məzun buraxırdı. Onların  bəziləri kinoda, bəziləri isə teatrda yer alırdı. Tanıdığımız bizim üçün müəllim olan həmin o sənətkarlar, yumor ustaları ona görə tənqid olunmurdu ki, o zamanlar hər bir kadr, görüntü,  süjet ələkdən çıxırdı, senzuradan keçirdi. İndi də senzura var, amma içimizdədir”.

Qeyd edim ki, mənim çəkdiyim heç bir serialda bayağılıq olmayıb". Geniş tamaşaçı kütləsi toplaya bilən “Vicdan haqqı” serialının ssenaristi olan Elşən Zeynallı isə MTRŞ sədrinin tənqidləri ilə razılaşdığını bildirdi: “Nuşirəvan müəllim çox doğru buyurur, mən iki əllə onun dedikləri ilə razıyam. Ancaq Nuşirəvan müəllim tənqidləri deyir, elə bütün məsələlərin başında da özü durur. Bu maliyyəni neçə peşəkarlara ayırmırsan? Dövlətin maliyyəsini vaxtilə özfəaliyyətlə məşğul olan insanlara ayıranda bilmirdiniz ki, bu məhsul axırda belə formada ortaya çıxacaq? Maliyyə ayrılanda  bir komanda yaradılmalı idi. Komanda ağalıq edən, hikkə nümayiş etdirən, öz ambisiyalarını ortaya qoyan deyil, sadəcə, dövlətin, xalqın,  millətin marağından çıxış edən bir komanda olmalı və onlar yönəltməli idi ki, maliyyəni hansı mövzuya ayırmaq lazımdır. Lakin bu işin başında dayanıb məsələni özləri yönəldir,  özləri də  ”dovşana qaç, yazıya tut deyir.

Elşən Zeynallı ile ilgili görsel sonucu

Elşən Zeynallı: “Tənqid edir, amma bütün məsələlərin başında durur”

Ən böyük problem peşəkar məsələsidir. Unu, duzu gətirib ömür boyu çörək bişirməyən, təndir görməyən insanların əlinə verim ki, təndir çörəyi  bişir. Nəticə necə olar? Məsələ bundan ibarətdir. Hər bir sahənin peşəkarına önəm vermək lazımdır, amma hazırda yoldan keçən bu işlə məşğuldur.  Dövlətin pulları göyə sovrulub. Niyə? O pulların müqabilində biz cəmiyyətimiz üçün nə qazandıq? Əksinə, hər şeyi itirdik. O cümlədən mənəviyyatımızı, etnoqrafiyamızı, tariximizi.

Televiziyalarda cılızlaşma baş alıb, gedir. Efirlərdə 90 faiz ancaq öz fəaliyyətlə  məşğul olan insanların zibil məhsullarını efirə verir. Televiziya rəhbərləri  layihəni qəbul edəndə bir baxmır ki, onun efirində yayımlanan serialın məğzi nədir, o nə demək istəyir,  televiziyanın strategiyasına, yaradıcılıq xətti yoluna uyğun gəlirmi? Amma sanki bunu düşünən yoxdur, elə ancaq efir boş qalmasın.

Çox yaxşı olardı ki, bu iş ancaq peşəkarlara həvalə olunsun. Amma bu gün peşəkarlar bu sahədən uzaqlaşdırılıb. Onlar ya pedaqoq kimi çalışır, ya da ki, teatrda tamaşada iştirak edir, hansı ki, böyük potensialları var, hələ gəncdirlər".