| Xəbər 1423 dəfə oxunub
Əbubəkr əl-Bağdadinin bacısı tutulub

Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı Suriyanın Azez şəhəri yaxınlığında saxlayıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, 65 yaşlı Rasmiya Avad həyat yoldaşı, gəlini və 5 uşağı ilə birlikdə yaşadığı konteynerdə tutulub.

Türkiyənin adını açıqlamayan yüksək vəzifəli rəsmisi bildirib ki, R.Avadın tutulması kəşfiyyat baxımından “qızıl mədəni”dir: “Onun İŞİD haqqında bildikləri daha çox pis adamın tutulmasına yardım edəcək”.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Əl-Bağdadinin bacısının tutulması rəsmi Ankaranın terrora qarşı həyata keçirdiyi əməliyyatların uğurunun bir nümunəsidir. 

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.