| Xəbər 1632 dəfə oxunub
Marşrut avtobusları kart sisteminə keçir:

Nəqliyyat eksperti: “4 təkər üstündə güclə duran avtobusun nəyinə kart sistemi quraşdırılsın?..”

Azərbaycanda avtobus marşrutlarının yenilənməsi istiqamətində son zamanlar dövlət tərəfindən ciddi işlər aparılır. Yeni avtobusların gətirilməsi ilə yanaşı, avtobusların kart sisteminə keçirilməsi də gündəmdədir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Report-a açıqlamasında bildirib ki, bütün avtobusların kart sisteminə keçidi bu ilin sonuna tamamlanacaq.

Ekspertlərin fikrincə, hazırda yollarda yaranan tıxaclara, baş verən qəzalara əsasən  dayanacaqlarda saxlamayan, bir-biriləri ilə qəpik yarışına girən avtobuslar səbəb olurlar. Hesab edilir ki, bütün bu kimi problemlər avtobusların kart sisteminə keçirilməsindən sonra həll oluna bilər.

Bu gün Bakının mərkəzində avtobuslar yenilənsə də, Bakı kəndlərində vəziyyət bərbad durumdadır. Kəndlərə, qəsəbələrə işləyən avtobusların həm istismar müddəti bitib, həm də pik saatlarında 30-40 dəqiqə gecikmə ilə gəlirlər. Bu da sərnişinlərdə haqlı olaraq narazılıqlar yaradır. Bəs bu kimi avtobusların ilin sonuna qədər kart sisteminə keçməsi realdırmı?

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, kart sisteminin tətbiqi sərnişindaşımada olan bir çox problemlərin həllinə səbəb olacaq: “Eyni zamanda, bu sisteminin tətbiqi ilə yanaşı, sürücülərin istirahət və iş rejiminə də diqqət etmək lazımdır. Yəni avtobusu gün ərzində 1 nəfər sürücü idarə edə bilməz. Bu, real görünmür. Çünki bir adam səhər saat 6-da xəttə çıxırsa, gecə saat 12-yə qədər necə avtobus sürə bilər? Ona görə də sürücülərin iş rejimi nəzarətdə saxlanmalıdır. Düşünürəm ki, Bakı kart sistemini ilin sonuna qədər yeni gətirilən avtobuslarda saxlamaq olar. Köhnə avtobuslarda isə bu sistemi tətbiq etmək bir qədər çətindir. Çünki sahibkarların elə bir imkanı yoxdur ki, avtobuslarına kart sistemini quraşdırsınlar. Sistemin qiyməti kifayət qədər bahadır. Artıq son zamanlar qoyulan tələblərə uyğunlaşa bilməyən sahibkarların bir neçəsi fəaliyyətlərini dayandırıblar. Əvvəl 50-dən çox daşıyıcı şirkət olduğu halda, hazırda onların sayı 36-ya enib. Kart sisteminin tətbiqi də onlar üçün əlçatmaz bir şeydir. Əgər dövlət tərəfindən dəstək olarsa, sistemin tətbiqini sərfəli şərtlərlə sahibkarlara versələr, bəlkə də mümkün ola bilər. Ancaq  biz son 2 ildə eyni açıqlamaları eşidirik ki, ilin sonuna qədər Bakı kart sistemi bütün avtobuslarda tətbiq ediləcək. Ancaq bu, real deyil. Reallıq başqa mənzərəni ortaya çıxarır”.

Elməddin Muradlı ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, bu cür vasitələrlə sahibkarları çıxışdırmaq olmaz: “Məsələ hansısa formada öz həllini tapmalıdır. İllərdir xüsusən də Bakı şəhərində ictimai nəqliyyat sahəsi sahibkarların çiynində idi. Dövlətin heç zaman marşrutu olmayıb. Bu gün dövlət özü avtobus gətirir deyə, sahibkarları da tamamilə sıradan çıxarmaq doğru deyil. Yeni gətirilən avtobuslara rüsumlar azaldılmalıdır. Azərbaycanda avtobus istehsalı olmadığı halda, hər il gətirilən avtobuslara tətbiq edilən müxtəlif rüsumlar artırılır. Bu il də artım oldu. Yeni gətirilən avtobus üçün hazırda ən azı 36-40 min manata yaxın rüsum alınır. Bu da elə avtobusun qiymətinin yarısı deməkdir. Ona görə də belə məsələlərdə dövlət tərəfindən sahibkarlara dəstək olunarsa, ilin sonuna qədər sistemin tətbiqi mümkündür. Ancaq ilin əvvəlindən bu günə qədər keçə bilməyiblərsə, 2 aya nəsə edəcəkləri real görünmür. Çünki bu gün yüzlərlə Bakı kart sistemindən istifadə etməyən avtobuslar var. Bu sistemi qurmaq isə bir günlük məsələ deyil. Kart sistemi çox həssas texnologiyadır. Onları tətbiq etmək və işə salmaq asan görünməsin. Eyni zamanda, qiyməti də bahadır. Bu gün Bakıda elə avtobuslar var ki, onların qiyməti, Bakı kart sisteminin 1 avtobus üçün tətbiqinə sərf ediləcək vəsaitdən 2 dəfə ucuzdur. Yəni istismar müddəti bitsə də, insanlar yolda qalmasın deyə, Bakı qəsəbələrində bu kimi avtobuslar istifadə edilir. Onun nəyinə kart sistemini quraşdırsınlar ki, bu avtobus  4 təkər üstündə güclə durub. Ona görə də düşünürəm ki, bu cür məsələlər nəzərdən keçirilməlidir”.

avtobuslarda kart sistemi ile ilgili görsel sonucu

Muradlı söylədi ki, hazırda günün tələbləri başqadır: “Bir qədər gözləmək lazımdır və əgər sahibkar işini qaydasına sala bilmirsə, o zaman vidalaşmaq olar. 10-15 il öncə günün tələbləri başqa idi. Həmin zaman biz Bakıda ayaq üstə dura bilmədiyimiz, balaca mikroavtobuslarda gəzirdik. Çox da məmnun idik. Çünki başqa variant yox idi. İndi isə ona heç kim minməz. Müasirləşdikcə arzu və istəklərimiz genişlənir. Lakin hesab edirəm ki, bu istəkləri quran adamları da başa düşmək lazımdır. Sahibkar bu gün 300 min manata avtobus alır. Bu gün isə qazla işləyən avtobus tələb edilir. Həmin avtobusların qiyməti isə yarım milyon manatdır. Sahibkar bu yarım milyonu nə zaman qazanacaq? Üstəlik hələ onun sürücü ilə işləmək, təmir, yanacaq kimi digər xərcləri də var. Bu gün avtobusların dövlət tərifindən gətirilib, Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi yaxşı haldır. Sahibkar isə kredit götürüb, avtobusu özü gətirir. Ona görə də bu kimi faktorlar da nəzərə alınmalıdır ki, ölkədə ictimai nəqliyyatın durumu düzəlsin”.