| Xəbər 1089 dəfə oxunub
7 ölkənin müdafiə naziri Bakıda

Bu gün MDB müdafiə nazirlərinin toplantısı olacaq; David Tonoyan Bakıya gəlməkdən imtina etdi; Sergey Şoyqu isə Azərbaycana Ermənistandan gəlir, ekspertlər deyir ki..

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

Ermənistanın müdafiə naziri David Tonoyan isə Bakıda keçiriləcək iclasa qatılmayacağını bildirib.

İclasda şura MDB dövlətlərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını, hərbi əməkdaşlıq konsepsiyasının layihələrini nəzərdən keçirəcək. “Beynəlxalq Ordu Oyunları-2019"un nəticələri də müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin İkinci Dünya müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri diqqətdə olacaq. Bundan əlavə, MDB ölkələrinin ortaq hava hücumundan müdafiə sisteminin 2020-ci ildə həyata keçirəcəyi birgə fəaliyyət nəzərdən keçiriləcək. Həmçinin Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələri müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq. İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.

Diqqətçəkən məqamlardan biri Bakıda keçiriləcək sözügedən toplantıya Ermənistanın qatılmaması və Rusiya müdafiə nazirinin Bakıya Ermənistandan gəlməsidir. Belə ki, müdafiə naziri Sergey Şoyqu oktyabrın 29-da bir günlük işgüzar səfərlə Ermənistana gedib. Məlumata görə, rusiyalı nazirin səfəri Gümrüdən başlayıb. Müdafiə naziri Rusiyanın 102-ci bazasında olub, muzeyə və pravoslav kilsəsinə baş çəkib, gənc hərbçilərlə görüşüb. Sonra Sergey Şoyqunun İrəvana getdiyi, Ermənistan paytaxtında baş nazir Nikol Paşinyanın onu qəbul etdiyi bildirilir. Bununla yanaşı, Şoyqunun Ermənistanın müdafiə naziri David Tonoyanla da görüşü olub. S.Şoyqu bu gün Bakıda olacaq.

Ermənistanın Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərə son zamanlar qatılmaması məsələsinə gəlincə, qeyd edək ki, Ermənistan 2019-cu il daxil olandan Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə qatılmır. İyulun əvvəlində Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dəvət edilsə də Ermənistan nümayəndə göndərməkdən imtina eləmişdi.  May ayında isə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına qatılmaqdan Ermənistan deputatları imtina etmişdilər. Siyasi analitiklər hesab edir ki, Ermənistanın Bakıda keçirilən beynəlxalq tədbirlərə qatılmaqdan imtina etməsi işğalçı ölkənin yeni taktikasıdır. Onların qənaətincə, Ermənistan tərəfinin son vaxtlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə qatılmaması bəhanədir və bu, Ermənistanın beynəlxalq təşkilatların tədbirlərinə biganəliyi, beynəlxalq qanunları çeynəməsi, bu tədbirlərdən yayınması, oradakı müzakirələrdə ifşa olunacağından qorxması kimi təqdim edilməlidir.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a şərhində bildirdi ki, Şoyqunun Bakıya Gümrüdən gəlməsinin Azərbaycana hər hansı bir mesaj olduğunu düşünmür: “Bu, o zaman olardı ki, Rusiya Ermənistanla hesablaşsın, Bakıdan öncə Gümrüdəki görüşdə onların rəyi öyrənilsin və nəzərə alınsın. Şoyqunun Ermənistana səfərinin daha çox vəziyyəti yerindəcə öyrənmək məqsədilə olduğu daha inandırıcıdır. Təbii ki, burada mesaj elementləri ola bilər, lakin bu, Azərbaycana yox, Ermənistanda marağı olan böyük güclərə çatacaq mesajdır. Xüsusilə də Putin və Əliyev arasında ”Valday" forumu çərçivəsində və Aşqabaddakı isti görüşlərdən sonra bu, məntiqli görünür. Ermənistan Azərbaycanda keçirilən tədbirlərə qatılmamaqla guya onu boykot etdiyini hesab edir. Məsələn, elə son olaraq Qoşulmama Hərəkatının 18-ci Bakı zirvə görüşünə müşahidəçi kimi qatılmaması da bununla bağlıdır. Təbii ki, dünyanın 120 ölkəsinin iştirak etdiyi mötəbər beynəlxalq tədbirdə işğalçı ölkənin olub-olmaması heç nəyi dəyişmir. Bununla Azərbaycan heç nə itirmir, tədbirdə iştirak etməməklə diplomatik protokol və beynəlxalq nəzakət qaydalarını pozan Ermənistandır. Bu cür addımlar ölkəyə heç də müsbət imic qazandırmır, əksinə, onun beynəlxalq nüfuzuna təsir edən məsələlərdir".

Politoloqun sözlərinə görə, İrəvan tədbirdə iştirak etməməyi təhlükəsizlik və s. bəhanələrlə əsaslandırmağa çalışa bilər, lakin MDB müdafiə nazirlərinin toplantısında iştirak etməmək son dövrlərdə Rusiya və Ermənistan arasında gərginlik yaradan səbəblərlə də bağlıdır: “Belə ki, Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən yubiley sammitində Putin və Paşinyan arasında soyuq münasibət Aşqabadda davam etdi. Azərbaycan prezidentinin ”Valday"da Ermənistanın ünvanına səsləndirdiyi qətiyyətli fikirlər Azərbaycanın Rusiya ilə yaxınlaşması və Ermənistan rəhbərliyi ilə Rusiya prezidenti arasında çatları daha da dərinləşdirdi. Digər bir versiya isə ondan ibarətdir ki, Rusiya Ermənistanla Azərbaycan arasında son dövrlərdə - Paşinyanın “nöqtə” isterikasına Əliyevin “nida” ilə cavab verməsindən sonra ritorikanın daha da gərginləşməsini nəzərə alaraq Ermənistan nümayəndələrinin Bakı tədbirinə qatılmamasını tövsiyə edib. Şoyqunun Gümrüyə səfəri də yuxarıda qeyd etdiyimiz kimi vəziyyətlə yerindəcə tanış olmaq və Rusiya-Ermənistan hərbi əməkdaşlığını MDB çərçivəsində çoxtərəfli formatda deyil, ikitərəfli format çərçivəsində müzakirə etməkdir. Ermənistanın həm də KTMT üzvü olduğu nəzərə alınarsa, yəni Rusiya Ermənistan hərbi əməkdaşlığının həm də bu çərçivədə mövcud olduğu nəzərə alınarsa, qeyd etdiyimiz ehtimal daha inandırıcı görünür".

Ramil Məmmədli ile ilgili görsel sonucu

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Sergey Şoyqunun Azərbaycana Ermənistandakı Rusiya bazasını ziyarət etməklə gəlməsində siyasi çalarların axtarılmasına ehtiyac yoxdur: “Çünki Gümrüdəki hərbi baza Rusiyaya məxsusdur və müdafiə nazirinin Cənubi Qafqaza səfəri zamanı bu hərbi bazaya da getməsi prosedur olaraq normal qəbul olunmalıdır. Ermənistanın Azərbaycanda keçirilən tədbirlərə qatılmaması isə birbaşa Nikol Paşinyanın tutduğu xətdən irəli gəlir. Ermənistan 2018-ci ildən Qarabağ münaqişəsi ilə bağlı fikirlərini açıq ifadə edir və Azərbaycan ərazilərini işğal etdiklərini gizlətmir. Paşinyanın ”Qarabağ Ermənistanındır" bəyanatı da buradan qaynaqlanır. Daha dəqiqi, Paşinyan bütün kartları açaraq aqressiv siyasət yürüdür. Bu, ona hakimiyyətini möhkəmləndirməyə imkan verir. Belə olan vəziyyətdə Azərbaycanla yüksək dövlət məmurları səviyyəsində ünsiyyətin qurulması Paşinyan tərəfindən arzuolunan deyil. Ona görə də Robert Köçəryanın və Serj Sərkisyanın hakimiyyəti dövründə olduğu kimi, qarşılıqlı səfərlər Paşinyan tərəfindən qəbulolunmazdır. Bununla Paşinyan vaxt udur və sülh sazişi məsuliyyətindən yayınır. Vəziyyət belədir. Bunu birmənalı olaraq sülh danışıqlarının dayanması kimi də dəyərləndirmək məntiqli olmazdı".