|
UEFA-dan yeni Millətlər Liqası:

UEFA daha bir turnirin strukturunu dəyişib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşadək futbolçular arasında Avropa çempionatı Millətlər Liqası formatında keçiriləcək. 2021/2022 və 2022/2023 mövsümlərini 2 illik 2020 - 2022 və 2021- 2023 tsiklləri əvəzləyəcək. Yarış 8 komandanın iştirak etdiyi final mərhələsi ilə yekunlaşacaq.

Əvvəlki formatdan fərqli olaraq, hər bir milli komanda 1 deyil, ən azı 2 mini-turnirdə qüvvəsini sınayacaq. Təcrübə uğurlu alınsa, bu yenilik 17 yaşadək kollektivlərin yarışında da tətbiq ediləcək.

Seçmə mərhələ 4 raunddan ibarət olacaq. Hazırda olduğu kimi bütün oyunlar 3 və ya 4 komandanın iştirakı ilə mini-turinir formatında keçiriləcək və ev sahibləri püşkatmalardan sonra təyin olunacaq.

Milli komandalar U-19-ların 2015/2016 və 2018/2019 mövsümləri üzrə əmsallarına uyğun olaraq A, B və C liqalarına bölünəcəklər. Azərbaycan millisi C liqasında 1-ci səbətə başçılıq edəcək. Burada Şimali Makedoniya, Şimali İrlandiya, Belarus, Ermənistan, Monteneqro, Kosovo, Malta, Albaniya və Qazaxıstan da yer alacaq.

İkinci səbətə isə Andorra, Lüksemburq, Moldova, Estoniya, Farer adaları, Litva, Cəbəllütariq və San Marino düşəcək. Millilər 3 və komandanın olacağı qruplarda mübarizə aparacaqlar.

C liqasında 18 kollektiv yer alıb. Lakin bura Lixtenşteyn də əlavə oluna bilər.

A liqasında 20, B liqasında 16 yığma olacaq. Püşkatma bu il dekabrın 3-də gerçəkləşəcək.

17 noyabr 2020-ci il tarixinədək yekun vurulacaq I raundda B liqasından 4 qrup qalibi və 1 ən yaxşı göstəriciyə malik 2-ci yerin sahibi A liqasına yüksələcək. C liqasında qrup qalibləri və ən yaxşı göstəriciyə malik 2-ci yeri tutan bir neçə komanda (yığma sayından asılı olaraq) B liqasına qalxacaq.

A liqasında sonuncu yeri tutan 5 komanda B liqasına düşəcək. B liqasında 4-cü yeri tutan, eləcə də ən zəif göstəriciyə malik 3-cü yerin sahibləri C liqasına enəcəklər.

8 iyun 2021-ci ildə yekun vurulacaq II raund da eyni qaydada keçiriləcək. Beləliklə, Azərbaycan millisi I raundda 1-ci yeri tutacağı halda, növbəti mərhələdə B liqasında olacaq və elit-raunda vəsiqə üçün mübarizə aparacaq. Milli komanda I raunda uğursuz çıxış etsə, B liqasına yüksəlmək üçün II raunda da şansı olacaq. İlk 2 raundan sonra C liqasında qalacaq komandalar mübarizəni dayandıracaqlar.

III raunda (30 avqust – 7 sentyabr və ya 4 – 12 oktyabr 2021-ci il) A və B liqalarında yerdəyişmə davam edəcək. Ancaq IV raunda (21 – 29 mart 2022-ci il) yalnız A liqasındakı komandalar mübarizə aparacaqlar. Beləliklə, 5 qrup qalibi və 2-ci yeri tutan ən yaxşı göstəriciyə malik 2 kollektiv final mərhələsinə adlayacaq. Burada onları meydan sahibi Slovakiya gözləyəcək.

Final mərhələsi 2022-ci ilin iyulunda keçiriləcək.

Qeyd edək ki, UEFA 2018-ci ildə ilk dəfə əsas yığmalar arasında Millətlər Liqası turnirinə start verib. Yarışın qalibi Portuqaliya millisi olsa da, gələn ilin martında AVRO-2020-yə son 4 vəsiqənin sahibini müəyyənləşdirmək üçün A, B, C və D liqalarında qrup qalibləri arasında “Dördlər finalı” keçiriləcək.