|
Dövlətə xəyanətdə təqsirləndirilən keçmiş MTN əməkdaşının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda B.Yusifzadənin təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil etdiyi bildirilib.

Onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. B.Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

B.Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib.

B.Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.