|
Sablya üzrə milli komandamızın lideri beynəlxalq turnirdə qızıl medal qazanıb

Sablya üzrə milli komandamızın lideri Anna Başta Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna 1/8 finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib. Başta 1/4-də Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi İrina Şçukla üzərində 15:10 hesablı qalibiyyət əldə edən Anna finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib.

Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Sevil qrupda 5, Səbinə və Valeriya isə 4 qələbə qazanıb. Valeriya Bolşakova 1/8 finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Sevilya Bünyatova 1/8-də Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

 

Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.