|
Heyvandarlığa böyük dəstək -

Firdovsi Fikrətzadə: “Məqsəd intensiv istehsalı dəstəkləməkdir”

Azərbaycanda heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin satış dövriyyəsi Əlavə Dəyər Vergisindən azad edilir. “Yeni Müsavat” xəbər verir ki, bu, Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Həmin dəyişikliyə əsasən qeyd olunan məhsulların satış dövriyyəsi gələn ilin yanvarından etibarən 4 il müddətinə ƏDV-dən azad olunur.

Bundan əlavə, heyvan ətinin satışı da ƏDV-dən azad olunur. Bununla bağlı  Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Firdovsi Fikrətzadə ile ilgili görsel sonucu

Vergilər Məcəlləsinə təklif olunan bu dəyişiklikləri “Yeni Müsavat”a dəyərləndirən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin baş direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, dəyişikliklərin mahiyyətində intensiv heyvandarlığın inkişafına dəstək məqsədi dayanır: “Hazırda Azərbaycanda sənaye üsulu ilə yem istehsalının genişləndirilməsi çox aktualdır, bunun dəstəklənməsinin böyük əhəmiyyəti var. Ona görə ki, bu gün Azərbaycanda intensiv ferma modeli, quşçuluqda sənaye üsulu ilə istehsal genişləndirilir. Bu sektorların rəqabət qabiliyyətli olmalarında sənaye üsulu ilə istehsal olunan yemin böyük rolu var.  Biz ölkə olaraq təbii yem ehtiyatları məhdud olan ölkələr qrupuna aidik. Hesablamalarımıza görə, hazırda təbii yem mənbələrinin ümumi heyvandarlığın yemlə təminatında payı cəmi 5,2 faizdir. Sənaye yemlərinin payı isə 2,2 faizə çatır. Heyvandarlıqda yemlə təchizatda əsas ağırlıq taxıl və taxıl məhsullarının, həmçinin ot yeminin üzərindədir. Biz rəqabətqabiliyyətli heyvandarlığı inkişaf etdirmək üçün bundan sonra intensiv ferma modelini və cənaye üsulu ilə quşçuluq istehsalını genişləndirməliyik. Bunun üçünsə dövlətin sənaye üsulu ilə yem istehsalını dəstəkləməsinə ehtiyac var. Yəni biz təbii səbəblərdən örüşlərin sahəsini artıra bilməsək də, sənaye üsulu ilə yem istehsalını artıra bilərik, bunun üçün potensialımız yetərincədir”.

ATM-in apardığı qiymətləndirmələrə görə, ölkədə sənaye üsulu ilə yem istehsalı potensialı 900 min tondur: “Hazırda bizdə 700 min tona yaxın belə yem istehsal olunur. Bunun təxminən 400 min tonu quşçuluq sektorunun tələbatını ödəməyə yönəldilir. Təxminən 300 min tonu isə heyvandarlıq təsərrüfatlarına yönəldilir. Ümumi istehsal olunan yemin 300 min tonu bazarda reallaşır, 400 min tonunu təsərrüfatlar öz ehtiyaclarının qarşılanmasına sərf edirlər. Hesablamalar göstərir ki, intensiv fermalar və sənaye üsulu ilə quş istehsalında ətin maya dəyərinin 65 faizini sənaye yemi təşkil edir. İntensiv fermalarda və sənaye üsulu ilə quş istehsalı müəssisələrində əldə olunan  süd və yumurtanın maya dəyərinin 70 faizi belə yemin payına düşür. Bizim sahibkarların məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, satışın ƏDV-dən azad olunması istehsal xərclərində, son satış qiymətində 11-12 faiz bahalaşmanın qarşısını alacaq. Yəni bu addım qiymətlərdə sabitliyi təmin edəcək. Bir daha qeyd edim ki, bu addımların əsas əhəmiyyəti sənaye üsulu ilə yem istehsalının dəstəklənməsidir”.

Sənaye üsulu ilə istehsal olunan yemlərin əsasında soyadan hazırlanan məhsullar dayanır: “Azərbaycanda bir neçə yüz min hektarda soya istehsalının qurulması daxili tələbatı yemlə təmin etməyə imkan verəcək”.

Ət satışının ƏDV-dən azad olunması daha çox leqal satış şəbəkələrinə dəstək xarakteri daşıyır: “Bilirsiniz ki, hazırda leqal pərakəndə satış şəbəkələrində ət satışı ƏDV-yə cəlb olunur, qeyri-leqal satış nöqtələrində isə olunmur. Bu isə leqal satış mərkəzlərinin xərclərini artırır, onları qeyri-bərabər rəqabətə məruz qoyur. Buna görə də ət satışının ƏDV-dən azad olunması fəaliyyətini leqal quran, vergidən yayınmayan ticarətçilər üçün bərabər mühitin yaradılmasına xidmət edir. Bu addım həm də leqal ticarət şəbəkəsində qiymətlərin stabilliyini təmin edəcək”.