| Xəbər 1258 dəfə oxunub
Musa Quliyev: “Gələn il tibbi sığorta sosial sahədə ən uğurlu islahatlarımızdan olacaq”

2020-ci ildə səhiyyəyə ayrılan vəsait nəyə xərclənəcək?

2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1369,0 milyon manat vəsait ayrılıb. Bu, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb. Gələn il səhiyyə sahəsinə ayrılan vəsait 2019-cu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz çoxdur. Sənədə əsasən, 2020-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,0 faiz-bənd çoxdur.

Məlumatlara görə, artımın səbəbləri sırasında ilk növbədə tibbi sığorta məsələsi gəlir. Belə ki, 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmağa başlayacaq. Rəsmi məlumatlara görə, bu sahədə il ərzində görülən işlər artıq yekunlaşmaq üzrədir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, yanvar 2020-ci ildən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir.

Poliklinikalarda göstərilən tibbi xidmətlər (ilkin tibbi müayinə və müalicə, hamilə qadınların və yenidoğulmuşların patronajı, ixtisas həkimlərinə və əlavə müayinələrə göndərişlərin verilməsi, immunoprofilaktika, təcili və təxirəsalınmaz hallarda ilkin tibbi yardım, əhalinin sanitar maarifləndirilməsi) baza hissə çərçivəsində vətəndaşlara dövlət büdcəsi hesabına göstəriləcək. Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə biləcəklər. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan (ambulator, stasionar şəraitdə aparılan müayinə və müalicələr, fizioterapiya, stasionarda dərman təminatı) istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Poliklinikalarda göstərilən ambulator tibbi xidmətlər əlavə hissəyə aiddir. Bu halda da həmin xidmətlərdən istifadə edən sığortaolunan vətəndaş tibb müəssisəsinə ödəniş etməyəcək. Yəni ki, vətəndaş icbari tibbi sığorta haqqını ödəməklə sözügedən tibbi xidmətlərdən yararlana biləcək.

Musa Quliyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev bildirib ki, tibbi sığorta ilə bağlı fikirləri pozitivdir: “Ümumiyyətlə, tibbi sığorta bizim sosial sahədə ən ciddi və uğurlu islahatlarımızdan biri olacaq. Gələn ildən də ölkə ərazisində tibbi sığortanın tətbiqinə başlanılacaq. Artıq 3 ildir ki, pilot şəkilində Mingəçevir, Yevlax və Ağdaş rayonlarında tibbi sığorta layihəsi həyata keçirilir. Yəni artıq bizim pilot təcrübəmiz var. Gələn ildən də bütün ölkədə icbari tibbi sığortanın fəaliyyətə başlaması üçün həm hüquqi, həm də maddi-texniki baza mövcuddur. Hesab edirəm ki, kadr potensialımız da kifayət qədərdir. Ancaq eyni zamanda tibbi sığortanın bütün problemləri həll edəcəyini də söyləsək, yanılmış olarıq. Ümumiyyətlə, tibbi sığorta fəaliyyətə başlayandan 4-5 il ərzində tam oturuşmuş bir vəziyyətə gəlir. Bunu dünya təcrübəsi də göstərir. İlkin dövrlərdə ola bilsin ki, müəyyən çatışmazlıqlar, anlaşılmazlıqlar olsun. Maliyyə ilə bağlı da problemlər ola bilər. Eyni zamanda kadr təminatında da müəyyən çətinliklər yaşan bilər. Yəqin ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində də bilirlər və lazımlı tədbirlərini görürlər. Eyni zamanda, dövlət proqramından maliyyələşən 12-13 ictimai-sosial əhəmiyyətli xəstəlik var ki, onlar da  Səhiyyə Nazirliyinin tərkibində hələ ki, qalacaq və dövlət büdcəsindən maliyyələşəcək. Bütövlükdə düşünürəm ki, icbari tibbi sığortanın gələn il fəaliyyətə başlaması, bizdə tibbi sahəsində bir çox problemlərin həllinə gətirib çıxaracaq”.

Quliyev bildirdi ki, ayrılan vəsaitlər də daha çox bu istiqamət üzrə xərclənəcək: “Təbii ki, burada həm büdcədən, ayrılan vəsait olacaq, həm də mövcud ”Tibbi sığorta haqqında" qanuna görə işləyən vətəndaşların əmək haqlarından 2 faiz, idarə müəssisələrinin əmək haqqı fondundan da 2 faiz, ümumilikdə 4 faiz əmək haqqından tutulacaq. İşləməyən vətəndaş da özünü sığorta edə bilər və etməlidir. Bu zaman o da ayda 10 manat, yaxud da ildə 120 manat ödəməklə, sığorta olunacaq. Bütün bu vəsaitlər isə hamısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fonduna keçəcək və oradan da maliyyələşəcək. Eyni zamanda Səhiyyə Nazirliyindən də maliyyələşmələr olacaq. Bəzi sahələr var institutlar var ki, onlar Səhiyyə Nazirliyinin tabeçiliyindədir. Onlar da əvvəlki qaydada dövlət büdcəsindən nazirliyin vasitəsilə maliyyələşdiriləcəklər".