| Xəbər 1315 dəfə oxunub
Prezidentin komandaya “Dözülməz vəziyyətdir” xəbərdarlığı

Hakim partiyadan “Gözləməsinlər, istefa versinlər” çağırışı gəldi; ekspertlər deyirlər ki...

Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Prezidenti İlham Əliyev çıxışında islahatlara qarşı bu gün iqtidarda olan bəzilərinin çıxdıqlarını da bəyan edib. Prezident qeyd edib ki, həmin şəxslər ona görə islahatlara qarşı çıxış edirlər ki, bu, onların şəxsi maraqlarına toxunur. Ölkə başçısı bildirib ki, onlar hər işə əngəl törətmək istəyirlər, islahatlara meylli, yeni təfəkkürə malik olan kadrları qaralayırlar - o cümlədən mətbuatda.

“Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Bu, dözülməzdir ki, hökumət üzvləri, bir hökumət üzvləri digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, prezident onlara tapşırıb, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”, - deyə prezident qeyd edib.

Ölkə rəhbərinin hakimiyyət komandasında islahatlara maneə yaradanların olması barədə fikirləri geniş ictimai müzakirələrə səbəb olub. Əksəriyyət belə hesab edir ki, prezidentin bu cür açıqlamalar verməsi yaxın zamanlarda bir sıra qurumların rəhbərləri barədə ciddi addımların atılacağının anonsudur.

Siyavuş Novruzov ile ilgili görsel sonucu

YAP icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov musavat.com-un canlı debatında bildirib ki, prezident ümumi qaydada məsələlərə toxunub və həmin şəxslərə xəbərdarlıq edib: “Onlardan eləsi var ki, bu gün də vəzifədədir. Lakin dövlətin apardığı işə əngəl törədir. Eləsi var ki, bu gün işləmədiyindən yox, potensialının olmamasından aparılan aktiv siyasətə çata bilmədiyindən bir əngələ çevrilib. O insanlar da başa düşməlidir ki, özü istefa ərizəsini yazıb getməlidir. Kənara çəkilməlidir ki, dövlətimiz inkişaf etsin. Bu gün ictimai-siyasi, iqtisadi, sosial islahatlara cavab verməyən  şəxs özü bunu dərk etməlidir. Gözləməməlidir ki, onun haqqında hansısa qərar qəbul olunsun. Dünyada da formalaşmış bir istefa mədəniyyəti var. Əgər şəxs görürsə ki, öz əməli fəaliyyəti ilə dövlətinə, xalqına, prezidentinə hər hansı xeyir verə bilmir, kənara çəkilməlidir.

Kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid məsələdir. Müşavirədə də əsas vurğu vətəndaş üzərində idi. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş, qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Cənab prezident bunu yaradıb və bildirir ki, digərləri də bu məsələlərə əməl etsinlər. Bu məsələlərdə vətəndaşların da rolu böyük olmalıdır. Əgər kim haradasa bir nöqsan görürsə, sosial şəbəkələr vasitəsilə həmin nöqsanları aidiyyəti strukturlara çatdırmaq imkanı var".

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə xatırlatdı ki, prezidentin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirə nazirlərlə keçirdiyi ikinci mobil toplantı olub: “Prezident əvvəlki toplantılarda Nazirlər Kabinetinin tam heyəti ilə müşavirələr keçirərdi. İkinci toplantıdır ki, ancaq mövzulara aid olan sahələrin rəhbərləri toplantıya dəvət edilir. Ölkə rəhbərinin budəfəki toplantıda verdiyi mesajlar da diqqəti çəkirdi: birincisi, o, ilk dəfə baş nazir postunda Norvuz Məmmədovu niyə Əli Əsədovla əvəz etməsinə aydınlıq gətirdi. Prezidentin sözlərinə görə, Əli Əsədov islahatları sürətləndirməlidir, o, dövlət başçısının tapşırıqlarını yerinə yetirməli, yeni ideyalar hazırlayıb reallaşdırmalıdır. Əgər prezident hakimiyyətdə islahatlara qarşı meyllərin olduğunu və məmurların bir-birilərini ləkələmək üçün mətbuatdan istifadə etdiyini bilirsə, dövlət başçısı həmin şəxslərin kim olduğunu da bilir. Demək, bu işlə məşğul olanlar vəzifələrindən uzaqlaşdırılacaqlar. Əslində prezidentin çıxışının bu hissəsi yaxın zamanda kadr ishalatlarının dərinləşəcəyinə işarədir. Prezident gənc kadrlardan razıdır. Bu isə o deməkdir ki, köhnə qaydalarla çalışmaqda davam edənləri əvəz etmək zərurəti artıb”.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı isə bildirib ki, prezidentin məlum çıxışı bir daha onu göstərdi ki, ölkə prezidenti iqtidar daxilində gedən bütün proseslərin  fövqündədir və hər şeydən xəbəri var. Onun sözlərinə görə, məmurlar arasındakı düşmənçilik o səviyyəyə çatıb ki, prezident bunu artıq açıqlamalı və önə çəkməli oldu: “Həmçinin onlarla bir yerdə işləməyin mümkün olmayacağını deməsi ciddi xəbərdarlıq idi. Hər birimiz müxtəlif mənbələrdən daxil olan söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar az qala radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Bu məsələlər vardı. Yayılmış söz-söhbətlərin kifayət qədər əsası vardı ki, müşavirədə cənab prezident bunu açıqladı və konkret mesajını verdi. İnanıram  ki, yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq və bunun əhəmiyyətini də görəcəyik”.

Azay Quliyev ile ilgili görsel sonucu

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev isə twitter hesabında bildirib ki, prezidentin mesajları ölkəmizin inkişafını sürətləndirəcək: “Cənab prezidentin son müşavirədə idarəçilikdə yeniliklərin tətbiqinin, şəffaflığın və aşkarlığın artırılmasının əleyhinə olanlarla bağlı verdiyi açıq və sərt mesajlar islahatlara qarşı olan bütün maneələri aradan qaldıracaq və ölkəmizin inkişafını daha da sürətləndirəcək”.

Cümşüd Nuriyev ile ilgili görsel sonucu

Siyasi ekspert Cümşüd Nuriyev isə moderator.az saytına müsahibəsində deyib ki, prezidentin bəyanatı çox ciddi bir bəyanatdır: “Bir ölkənin ki, hakimiyyəti daxilində iqtidarda təmsil olunan qüvvələr, hansı ki, prezident bunları seçib, onlara etibar edib, bu qüvvələr prezidentin ayağının altını qazırlar, deməli, oturduqları budaqları da kəsirlər. Əvvəla, Azərbaycan Qarabağ boyda problemlə üz-üzədir. Bəzi qüvvələr ölkə daxilində qarışıqlıq yaratmaq istəyir. Prezident mütləq təcili addımlar atmalıdır. Birincisi, baş nazir dəyişdiyi üçün hökumətin tərkibi dəyişilməlidir. Prezident hamıdan daha çox məlumatlı adamdır. Bilir ki, kimlər bu işin başında durur.

Həmin məmurlar milli xəyanətkarlar elan olunmalıdır. Çünki bu adamların əksəriyyəti erməni maraqlarına xidmət edən insanlardır. Məhz onların vasitəsilə bəzi xarici qüvvələr ölkəmizin Qarabağla bağlı atdığı, atmaq istədiyi addımları qabaqlayır. Prezidentin bəzi addımlar atmasını əngəlləməyə çalışırlar. Bilirlər ki, Qarabağla bağlı hər hansı addım atılsa, bu, qələbə ilə nəticələnəcək. Bu isə həmin məmurlara sərf etmir".