|
Yanvardan pensiyalar yenə artacaq

Nazirdən şad xəbər; “Gələn il pensiyaların ümumi artımının 16,6 faiz olacağı gözlənilir”

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya sahəsində gözlənilən yeniliklər barədə məlumat verib.

 Nazirin dediklərindən aydın olub ki, cari il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin optimallaşdırılması istiqamətində ciddi işlər görülüb. Nazir fondun büdcəsinin 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırıldığını, bunun cari ilə nisbətən 16,9 faiz çox olduğunu, 697 milyon manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcəyini vurğulayıb. Ümumi sosial sığorta yığımlarında 22,5 faiz artımın olduğunu bildirən nazir fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payının artdığını qeyd edib.

S.Babayevin sözlərinə görə, gələn ilin dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertin məbləği cari illə müqayisədə 81 milyon manat artacaq: “Transfertin məbləği 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 39 faizini təşkil edirdisə, artıq 2018-ci ildə bu, 35,6 faizə düşüb, 2019-cu ildə 32,8 faizə, 2020-ci ildə isə 29,6 faizə düşəcək ki, bu da iki il ərzində 8 faizlik azalma deməkdir. Bu da Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin təmin edilməsi baxımından çox önəmli amildir. Əhaliyə ödənişlər 4 milyard 684 milyon manat məbləğində olacaqdır. Yəni ümumi gəlirlərin 97,1 faizi məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4 milyard 570 milyon manat məbləğində olacaqdır”.

S.Babayev qeyd edib ki, gələn il pensiyaların ümumi artımının 16,6 faiz olacağı gözlənilir. Bu artım nəticəsində pensiyaçılara 651 milyon 700 min manat əlavə ödəniş ediləcək ki, bu məbləğin də 475 milyon manatı ölkə üzrə orta aylıq əmək haqqının artımının maliyyələşməsinə sərf olunacaq: “Beləliklə, indeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaqdır və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır. Eyni zamanda 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlarımıza ödəniləcəkdir”.

sahil babayev ile ilgili görsel sonucu

Nazir bildirib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb. Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb. Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə yük yaratmayıb. Nazir qeyd edib ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımı və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır. Aparılan optimallaşma, eyni zamanda əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək.

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin strukturunun optimallaşdırılması üzrə görülən işlərdən danışan nazir deyib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb. Burada artım 30 faizdən çoxdur. Bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək. Qeyri-büdcə təşkilatlarının payı artıq 68 faizə çatıb ki, nəticədə büdcə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək: “Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini Sizin tapşırığınıza müvafiq olaraq İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilənözünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait özünüməşğulluq layihəsinə yönəldiləcəkdir. Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır”.

Nazirin sözlərinə görə, Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir: “Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur. Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə biz ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək”.

S.Babayev bildirib ki, ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulub: “Cari ildə əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq. Bu da imkan verəcək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq”.

Qeyd edək ki, Azərbaycanda hər ilin əvvəlində pensiya məbləğləri indeksasiya olunur. 2018-ci ilin yanvarından qüvvəyə minən pensiya qanunvericiliyinə əsasən, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya edilir. Eyni zamanda  pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunur. 2018-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 3 faiz artdığına görə pensiyalar da buna uyğun artırılmışdı. Bu il ərzində isə əmək haqqı məbləğində kəskin artım baş verib. Nazirin müşavirədəki çıxışından aydın olur ki, 2020-ci ildə pensiyaların məbləği 16,6 faiz indeksasiya olunacaq.