| Xəbər 4907 dəfə oxunub
İşgəncələrə Qarşı Komitə yol hərəkət qaydalarının təbliğinə başladı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Şəmkir rayonunda "Yol hərəkəti qaydalarının təbliğinə dəstək" layihəsi çərçivəsində tədbir keçirib.

Komitə sədri Tural Hüseynov Trend-ə bildirib ki, tədbirə yol-patrul xidməti əməkdaşları, təhsil işçiləri və rayonun müxtəlif peşə sahibləri cəlb edilib:

"Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarının təbliği, bu barədə insanları maarifləndirməkdir. Bilirsiniz ki, yol hərəkəti qaydaları ilə əsasən gəncləri, şagirdləri marifləndirmək lazımdır. Bu qaydaların əsasən orta məktəblərdən təbliği daha effektiv olur. Bu məqsədlə biz müəllimləri tədbirə çəlb etdik ki, onlar sinif otaqlarında bu qaydaları təbliğ etsinlər. Tədbir çərçivəsində rayonun yol patrul xidməti əməkdaşları ilə qərara gəldik ki, bu qaydaları xüsusi broşürlər halında hazırlayıb orta məktəblərə və gənclər mərkəzlərinə paylayaq. Tədbirdə əsasən yol qəzalarının, yollarda bədbəxt hadisələrin azaldılması üçün piyada və sürücülərin vəzifələri açıqlandı. Bilirsiniz ki, il ərzində baş verən yol qəzalarının əksəriyyəti piyada və sürücülərin ehtiyatsızlığından baş verir ki, bu da sonra insan ölümü və xəsarətləri ilə nəticələnir. Məqsəd bu cür təbliğat tədbirləri keçirməklə yol qəzalarının sayını azaltmaq, insan ölümü və xəsarətlərin sayını minumuma endirməkdir".