| Xəbər 1155 dəfə oxunub
Qorxunc Afrika vəbası dünyanı təşvişə salıb

Milyonlarla donuz məhv edilib; Azərbaycan öz ərazisini öldürücü virusdan necə qoruyur - rəsmi tələblər

Afrika, Avropa və Asiyada donuzlar arasında yayılmış Afrika vəbası xəstəliyi getdikcə əhatə dairəsini genişləndirir. 2017-ci ildən yeni yayılma mərhələsinə qədəm qoyan virus artıq onlarla ölkədə  yüz milyonlarla baş donuzun məhv edilməsinə gətirib çıxarıb.

Xəstəlik insan üçün təhlükə yaradırmı?

Donuzlar arasında yayılan Afrika vəbası çox ağır keçən viruslu xəstəlikdir. Törədicisi Asfivirus adlı virusdur. İnkubasiya dövrü 2-15 gün təşkil edir. Əsas əlamətləri kəskin hərarət, heyvanın ağzından, burnundan və gözlərindən iltihablı möhtəviyyatın yayılması, sonrakı mərhələdə daxili orqanların kəskin zədələnməsidir ki, bunun da nəticəsində heyvan tələf olur. Xəstəlik ilk dəfə vəhşi donuzlarda qeydə alınıb, daha sonra ev donuzlarına keçib. Virusa yoluxma ilk dəfə 1903-cü ildə Cənubi Afrikada vəhşi donuzlarda qeydə alınıb. Daha sonra ev donuzlarına, bütün Afrikaya, 20-ci əsrin ortalarında isə Avropaya qədər yayılıb. Rusiya, Gürcüstan və Ermənistan ərazisində ilk dəfə 2007-ci ildə qeydə alınıb.

Virusun sanitariya baxımından əlverişli olmayan yayılma arealında aşkarlanma tezliyi Afrikada hər 2-4 ildən, Avropada hər 5-6 ildən birdir.  Yayıcısı xəstə donuzlar, həmçinin onlarla təmasda olan insanlar, həşəratlar, quşlar və digər heyvanlardır.

Afrika vəbası ile ilgili görsel sonucu

Virus turş, isti və soyuq mühitə çox davamlıdır. Onu məhv etməyin yeganə yolu yüksək temperaturda termik emaldır. Yüksək mutasiya qabiliyyətinə malik olduğu üçün indiyədək ona qarşı vaksin hazırlanmayıb. Belə ki, geniş yayılmış bir növünə qarşı vaksin hazırlanıb başa çatanacan bir neçə yeni növü meydana çıxır.

Duzlanmış, hisə verilmiş ətdə virus bir neçə həftə, hətta bir neçə ay salamat qala bilir. Nəcisdə bu müddət 160 sutka, sidikdə 60 gün, mənbədə 180 gün, kərpic və ağacda 120-180 gün, sadə ətdə 5-6 ay, sümük iliyində 6-7 ay təşkil edir.

Əksər sanitar-epidemioloqlar bu fikirdədilər ki, Afrika vəbası insan üçün təhlükəsizdir. Hətta yoluxmuş ətlə qidalansa belə, bu, insan həyatına təhlükə yaratmır. Yeganə neqativ təsir daşıyıcı olan insanın virusu donuzlara ötürə bilməsidir. Lakin son illərdə bu rəyi sarsıdan bir sıra araşdırmalar aparılıb. Bir sıra alimlər bildirirlər ki, donuzlarda immun sistemini tamamilə məhv edən virusun insan orqanizminə heç bir zərər vurmaması inandırıcı deyil. Bildirilir ki, heç vaxt bu virusun insanın immun sisteminə təsirləri araşdırılmayıb. Buna görə də onun zərərsizliyi barədə danışmaq mümkün deyil.

Afrika vəbası ile ilgili görsel sonucu

Bundan əlavə, virusun əsas yayılma ərazisi olan tropik ölkələrdə çox tez-tez müxtəlif qızdırma xəstəlikləri tüğyan edir. 40 faiz hallarda qızdırmanın törədicisini tapmaq mümkün olmur. Nikaraquada apar1ılan bir araşdırma zamanı qızdırmanın törədiciləri arasında Afrika vəbası virusu da aşkarlanıb. Bu isə sürətlə mutasiyaya uğrayan virusun insan orqanizmi üçün heç də tam təhlükəsiz olmadığını göstərir. Bir sıra alimlər hesab edirlər ki, çox az öyrənilmiş olan Afrika vəbasının insana digər zərərləri də var və gələcək araşdırmalar onları üzə çıxaracaq.

Xəstəliyin vurduğu zərər on milyardlarla ölçülür

Afrika vəbasının iqtisadi zərəri məhv edilən heyvan sayı, aşkarlanmış ocaqlarda aparılan təmizləmə işlərinə çəkilən xərclərlə hesablanır. Məsələn, son 10 ildə Rusiyada 500-dən yuxarı yoluxma halı rəsmən qeydə alınıb ki, bunlardan da ölkəyə 35 milyard rubldan yuxarı zərər dəyib.

Son olaraq Cənubi Koreyada, Bolqarıstanda, Macarıstanda, Latviyada, Rumıniyada, Ukraynada, Çində, Yaponiyada, Rusiyada, Moldovada və Filippində yeni yoluxma halları qeydə alınıb.

Afrika vəbası ile ilgili görsel sonucu

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı olan FAO-nun məlumatına görə, 2018-ci ildə dünyada iribuynuzlu mal ətinin istehsalı 2,1 faiz, quş əti 1,3 faiz artıb. Qoyun-keçi və donuz əti istehsalı əvvəlki ildə olduğu kimi, 0,6 faiz çoxalıb.

Hesabata görə, ötən il ət istehsalında artım əsasən ABŞ, Avropa Birliyi və Rusiyanın hesabına artıb. Dünya ət istehsalında əsas söz sahiblərindən biri olan Braziliyada istehsal artmayıb, Çində isə azalıb. Çində ət istehsalının kəskin azalmasının əsas səbəbi ötən ilin ortalarından etibarən donuzlar arasında Afrika vəbası xəstəliyinin yayılmasıdır. Bu xəstəlik üzündən ötən ildən indiyədək Asiyada 5 milyon baş donuz məhv edilib. Çin ümumi donuz sayının 25-30 faizindən məhrum olub. Ümumi ət istehlakının dörddə üçü donuz əti olan Vyetnamda 3 milyon baş heyvan məhv edilib. Hazırda xəstəlik Asiyada Kamboca, Çin, Şimali Koreya, Laos, Monqolustan və Vyetnamda yayılıb.

Bu il isə xəstəlik sürətlə Avropada yayılmaqdadır. Artıq Şərqi Avropa ölkələrinin əksəriyyətində xəstəliyə yoluxma halları qeydə alınıb. Yeri gəlmişkən, donuz ətindən hazırlanmış məmulatları idxal etdiyimiz Rusiya və Ukrayna da Afrika çumasının geniş yayıldığı ölkələr arasındadır.

BMT Ərzaq Təşkilatının (FAO) hesablamalarına görə, bu ilin sonuna dünyada donuz əti istehsalı 5 faiz azalacaq. Yaxın on ildə inkişaf etməkdə olan ölkələrdə tələbatın azalması ilə istehsalın daha da aşağı düşməsi gözlənilir.

Donuz ətinin ən çox istehlak edildiyi Asiya ölkələrində, xüsusilə də Çində Afrika vəbası üzündən istehsalı artırmaq mümkün olmayacaq. Nəticədə, donuz ətinin idxalı artacaq. Məsələn, hesabata görə, Çin 2020-ci ildə donuz əti idxalını 2018-ci ildəkindən 75 faiz artıraraq 2,1 milyon tona çatdıracaq.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Çində fermerlər 150-200 milyon baş donuzu məhv etməyə məcbur olublar. Bu, ümumi donuz sayının 25-30 faizi deməkdir. Buna görə də Çinin bu ilin sonunadək donuz əti idxalının 41 faiz, ümumilikdə dünyada bu ətin idxalının isə 8 faiz artacağı gözlənilir.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycan müsəlman ölkəsi olduğu üçün donuz ətinin istehlakı aşağı səviyyədədir. Donuzun əti və piyindən kolbasa-sosiska və digər məhsulların istehsalında geniş istifadə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, Azərbaycanda illik donuz əti istehlakı 2018-ci ildə 8  912 ton olub. Bunun cəmi 483 tonu Azərbaycanda istehsal edilib, qalanı xaricdən alınıb. Maraqlıdır ki, donuz ətindən istifadə son illərdə sürətlə artır.

Belə ki, əgər 2015-ci ildə ölkədə cəmi 4 min 135 ton bu ət istehlak olunubsa, 2018-də bu rəqəm, qeyd etdiyimiz kimi, 8  912 tona çatıb - artım iki dəfədən də çoxdur. Bu artımın əsasən ölkəyə xarici turistlərin gəlişi ilə bağlı olduğu bildirilir. Rəsmi statistika da bu versiyanın doğruluğundan xəbər verir. Belə ki, 2015-ci ildə istehlak olunmuş donuz ətinin 4 min 29 tonu ərzaq məhsulu kimi, ondan 709 tonu ərza məhsullarının istehsalında istifadə olunmuşdusa, 2018-ci ildə bu rəqəmlər müvafiq olaraq 8  660 və 1539 tona çatıb.

Sevindirici haldır ki, Azərbaycan donuz əti və piyini Afrika vəbasının geniş yayılmadığı, yaxud heç yayılmadığı ölkələrdən idxal edir. Belə ki, rəsmi statistikaya əsasən, 2019-cu ilin 6 ayında ölkəmizə müxtəlif formalarda 795  tona yaxın donuz əti, 1677 ton əridilməmiş və ya başqa üsulla hasil edilməmiş, təzə, dondurulmuş, duzlu, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi və ev quşunun piyi idxal olunub. Donuz ətinin böyük hissəsi - 541 tonu Braziliyadan, İspaniyadan - 64 ton, Kanadadan - 54 ton, ABŞ-dan 25 ton və sair idxal olunub. Donuz piyi isə əsasən İspaniya - 321 ton, Belçika 216,5 ton, Danimarka - 195 ton və sair alınıb.

Lakin donuz ətindən hazırlanan məmulatların, xüsusilə kolbasa və sosiskaların idxalında üstünlük Rusiya, Ukrayna və Belarus kimi ölkələrdədir. Bu ölkələrdən Rusiya Afrika vəbasının geniş yayıldığı areala, Ukrayna qismən geniş yayıldığı areala daxildir. Belarusun ərazisində isə bu virusa yoluxmaya dair cəmi 1 fakt qeydə alınıb.

Afrika vəbası ile ilgili görsel sonucu

Amma məsələn, Braziliyada 2017-ci ildə virusun yayılması halları baş vermişdi. Lakin 2018-ci ildə belə hal qeydə alınmayıb.

Donuz ətini, piyini, eləcə də onlardan hazırlanmış məmulatları idxal edən Azərbaycanda idxal proseslərinə ciddi nəzarətin qurulması vacibdir. Rəsmi qurumlar bildirirlər ki, Ümumdünya Sağlamlıq Təşkilatı mütəmadi olaraq, ölkələrdə heyvanlar arasındakı sağlamlıq vəziyyəti ilə bağlı məlumatları ölkəmizə təqdim edir. Eyni zamanda hökumətlərarası müqavilələrə əsasən də bununla bağlı məlumatlar bir ölkədən digərinə ötürülür. Bu məlumatlara əsasən, Azərbaycan xəstəliyin qeydə alındığı və risk zonasına aid olan ərazilərdən ətin idxalına icazə vermir.

Azərbaycanda donuzçuluq təsərrüfatları əsasən Zaqatala, Qəbələ rayonlarında, Bakıətrafı ərazilərdə və s. yerlərdədir. Onların ümumi sayı təxminən 40-a çatır. Azərbaycanda donuzlar arasında Afrika vəbası 2008-ci ildə Qəbələnin Nic qəsəbəsində aşkarlanmışdı. Həmin vaxt xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb və 3 il müddətinə karantin elan edilib. Bundan sonra isə donuzların yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilib.

2018-ci ilin mayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal edilən ət və ət məhsullarına dair baytarlıq tələblərini müəyyənləşdirən qərar qəbul edib. Həmin tələblərə əsasən Azərbaycana idxal edilən ət və ət məhsulları heyvan xəstəliklərindən rəsmi olaraq azad təsərrüfatlarda və inzibatı ərazilərdə saxlanılmış, sağlam heyvanların kəsimindən əldə olunmalıdır. Bu zaman bütün növ heyvan ətləri son 3 ildə Afrika taunu aşkarlanmayan ərazilərdə və təsərrüfatlardan əldə olunmalıdır. Bu tələblərin icrasına agentliyin özü nəzarət edir. Qurumun rəhbəri Qoşqar Təhməzli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda ət və süd məhsullarının istehsalı və idxalı üzərində qida təhlükəsizliyi nəzarəti sistemi gücləndiriləcək. O qeyd edib ki, hazırda agentlik beynəlxalq standartlara uyğun olaraq nəzarət mexanizmlərinin hazırlanması ilə məşğuldur: “Yüksək riskli məhsullar üzərində dövlət nəzarəti həm ölkədə istehsal olunan, həm də idxal edilən bütün növ məhsullara şamil olunacaq”.